“Gözlənilirdi ki, Azərbaycanın haqqında çox danışdığı Orta Dəhlizə Rusiyadan hansısa alternativ təşəbbüs olacaq. Siz deməyin bu ilin iyul ayında prezident Putin Rusiyadan Çinə Yeni Transaltay Orta Nəqliyyat Marşrutu deyilən dəmiryolu layihəsinin işlənməsi barədə tapşırıq veribmiş...”
Bu sözləri politoloq Aydın Quliyev öz feysbuk səhifəsində yazıb.
A.Quliyev daha sonra qeyd edib: “Təxminən 1100 kilometrlik dəmiryolu Rusiya ilə Çinin şimal-qərb sərhəddində 55 kilometrlik ərazidən keçəcək. Bu ərazi Qazaxıstanla Monqolustanın arasındadır və əslində bu iki ölkəni ayırır.. Tam açıq deyiblər ki...
1. Dağlıq Altaydan keçən Yeni Transaltay Orta Nəqliyyat Marşrutu Qazaxıstandan yan keçməlidir. Çünki Qazaxıstan Avropaya Rusiyadan yan keçən marşrutlar axtarır. Bu Qazaxıstana cavabdır.
2. Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi dedikləri bu dəmiryolu Azərbaycanın məşhur və haqqında çox danışdığımız Orta Dəhlizinə alternativ olmalıdır.
Müqayisə üçün rəqəmlər də gətirirlər. Yazırlar ki, son 3 ildə Azərbaycanın Orta Dəhlizi üzərindən Çindən Avropa istiqamətinə daşımalar 800 min tondan 4,5 milyon tona çatıb və 2030- cu ilə kimi 10 milyon tona çatacaq. Həqiqətən cəlbedici rəqəmlərdir. Rusiyada düşünürlər ki, bu qədər yük niyə Qazaxıstan və Azərbaycanın üzərindən keçsin?! Elə Rusiyanın öz üzərindən keçsə pis olar?!
Hələlik bu marşrut Rusiya-Çin-Rusiya daşımaları üçün nəzərdə tutulur. Ancaq Rusiya sanksiyalardan qurtaran kimi Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi Çin-Rusiya-Avropa və əksinə marşrut üzrə işləyəcək. Bu da Azərbaycana cavabdır”.
Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi Orta Dəhlizə alternativdirmi? Bu logistika gələcəkdə Rusiya-Çin-Avropa yoluna çevrilə bilərmi və Azərbaycanın narahatlığına əsas varmı?
Referans Media bildirir ki, Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a qeyd edib ki, bunu “Orta Dəhlizin yaxın zamanda sıradan çıxması təhlükəsi” kimi yox, Rusiyanın Orta Dəhlizə paralel və müəyyən şərtlər daxilində rəqib ola biləcək yeni marşrut yaratmaq cəhdi hesab etmək mümkündür: “Hazırda söhbət reallaşmış layihədən yox, Rusiya hökumətinin araşdırdığı Transaltay dəmir yolu layihəsindən gedir. Məlumatlara görə, Putin iyulun 27-də yeni “Orta nəqliyyat dəhlizi” konsepsiyasının işlənməsi barədə tapşırıq verib. Dörd marşrut variantı nəzərdən keçirilir və onların uzunluğu təxminən 825-1123 km arasında dəyişir. Marşrutun Çin ərazisindəki hissəsi də nəzərdə tutulur. Rusiya-Çin sərhədində isə Altayda Qazaxıstan və Monqolustan arasındakı təxminən 55 kilometrlik birbaşa sərhəd sahəsindən istifadə imkanına baxılır. Rusiya mediasında nəzərdə tutulan layihənin məqsədlərindən birinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna-Orta Dəhlizə rəqabət yaratmaq olduğu iddiaları var. Əgər Transaltay dəmir yolu tikilərsə, Çin-Rusiya yükdaşımalarının yeni birbaşa quru bağlantısı yaranacaq. Hazırda layihənin ilkin iqtisadi məntiqi daha çox Sibirdən Çinə kömür və digər xammal ixracının artırılması, həmçinin BAM və Transsibir magistralının yükünü azaltmaqla əlaqələndirilir. Lakin gələcəkdə sanksiyaların əhəmiyyətli hissəsi aradan qalxarsa və Rusiya ilə Avropa arasında ticarət bərpa olunarsa, nəzəri olaraq Çin-Transaltay-Rusiya-Belarus-Polşa və ya digər Şərqi Avropa bağlantılarından ibarət Avropa nəqliyyat zənciri meydana gələ bilər”.
Partiya sədri hesab edir ki, Transaltay layihəsi Azərbaycan üçün hələlik təhlükə deyil, amma strateji xəbərdarlıq siqnalıdır: “Rusiya bu layihə ilə Çinlə birbaşa quru əlaqəsini gücləndirmək və gələcəkdə Şimal-Cənub yox, faktiki olaraq Şərq-Qərb istiqamətində də öz tranzit rolunu bərpa etmək istəyir. Sanksiyalar aradan qalxarsa, Çin-Rusiya-Avropa dəmir yolu xəttinə çevrilməsi mümkündür. Buna görə Azərbaycanın ən düzgün cavabı layihəyə etiraz etmək yox, Orta Dəhlizi elə gücləndirməkdir ki, gələcəkdə Rusiya marşrutu açılsa belə, yük sahibləri Azərbaycan üzərindən keçməyə iqtisadi və logistika baxımından üstünlük versinlər”.
