Aprelin 23-də İrəvanda qondarma “erməni soyqrımı” ilə bağlı yürüş edən ermənilər şəhər meydanında Türkiyə bayrağını yandırıblar.
Hadisə birmənalı qarşılanmayıb. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan da bu addımı qınayıb.
Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi fonunda belə bir əməlin törədilməsi nəyə hesablanıb? Bunun arxasında hansı məqsəd dayanır?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İrəvanda Türkiyə bayrağının yandırılması təsadüfi emosional aksiya kimi yox, daha çox siyasi-psixoloji siqnal kimi oxunmalıdır:
“Soyqırım” iddiaları fonunda bu cür addımlar daxili auditoriyaya yönəlmiş mobilizasiya aləti funksiyası daşıyır: cəmiyyət daxilində milli konsolidasiyanı gücləndirmək, hakimiyyətə yönələn sosial-iqtisadi narazılığı xarici düşmən obrazı ilə kompensasiya etmək. Eyni zamanda, bu hadisə Ermənistanın xarici siyasətindəki ziddiyyətli kursu da göstərir. Bir tərəfdən Ankara ilə normallaşma və sərhədlərin açılması iqtisadi və kommunikasiya baxımından zərurət kimi görünür, digər tərəfdən isə belə aksiyalar həmin prosesi zəiflədir, qarşı tərəfdə etimadı aşağı salır və diplomatik mühiti zədələyir.
Bu hadisəni “erməni xisləti” kimi ümumiləşdirmək analitik baxımdan düzgün deyil. Bu daha çox siyasi texnologiyaların, radikal qrupların və tarixi narrativlərin instrumental istifadəsidir. Belə təxribatlar adətən danışıqlar prosesinə təzyiq mexanizmi kimi də çıxış edir: ya mövqeləri sərtləşdirmək, ya da daxili legitimliyi qorumaq məqsədi güdülür. Nəticə etibarilə, bu tip addımlar qısamüddətli siyasi dividendlər versə də, uzunmüddətli perspektivdə Ermənistanın regional inteqrasiya imkanlarını məhdudlaşdırır və Türkiyə ilə normallaşma gündəmini daha da mürəkkəbləşdirir”.























