Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması Cənubi Qafqazın enerji bazarında Azərbaycanın rolunu bir daha gündəmə gətirib.
Qriqoryan bildirib ki, Ermənistanda yanacaq qiymətlərinin sabit qalması qlobal bazarlardakı bahalaşmaya baxmayaraq, Azərbaycanın regiondakı enerji və ixrac imkanları ilə bağlıdır.
Onun sözlərinə görə, Ermənistan ənənəvi olaraq Rusiya və İrandan yanacaq alırdı. Lakin müharibə Rusiyanın enerji infrastrukturuna zərbələr, sanksiyalar və İrandakı məhdudiyyətlər ölkə üçün enerji risklərini artırıb.
O, oxşar risklərin Gürcüstan üçün də mövcud olduğunu qeyd edərək, ümumilikdə Cənubi Qafqazda enerji bazarının sabitliyində Azərbaycanın ixrac imkanlarının mühüm rol oynadığını vurğulayıb.
Referans Media xəbər verir ki, mövzuya münasibət bildirən analitik şərhdə qeyd olunur ki, Azərbaycan xüsusilə də Cənubi Avropanın enerji təhlükəsizliyində uzun illərdir mühüm rol oynayır. Gürcüstanın keçmişdə enerji böhranları zamanı Azərbaycan tədarükü ilə təmin edildiyi xatırladılır.
Yazıda həmçinin bildirilir ki, Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi fonunda iqtisadi əlaqələr üçün yeni imkanlar yaranır. Azərbaycan ərazisindən Ermənistana müxtəlif yüklərin, o cümlədən yanacaq məhsullarının daşınması və ticarət əlaqələrinin bərpası regionda sülhün iqtisadi əsaslarının formalaşdığı kimi qiymətləndirilir.
Ekspertlər hesab edir ki, enerji əməkdaşlığı və ticarət əlaqələri region ölkələri arasında sabitliyi gücləndirən əsas amillərdən biri ola bilər.
Qeyd edək ki, Paşinyan da dəfələrlə Ermənistanın enerji sektorunda Azərbaycanın geniş imkanlara malik olmasını dilə gətirib.























