Dünya enerji bazarlarında baş verən dəyişikliklər, xüsusilə neft qiymətlərinin artması bir çox ölkələrdə daxili iqtisadi siyasətə və əhalinin gündəlik xərclərinə birbaşa təsir göstərir. Bu fonda kommunal xidmətlərin – qaz, elektrik və istilik tariflərinin yenidən nəzərdən keçirilməsi məsələsi tez-tez gündəmə gəlir və cəmiyyətdə narahatlıq yaradır. Azərbaycanda da oxşar suallar aktuallaşır və vətəndaşlar qiymət artımı ehtimalını diqqətlə izləyir.
Bəs qlobal bazarlardakı bahalaşma fonunda ölkədə kommunal xidmətlərin tariflərinin artırılması gözlənilirmi?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Azərbaycanda kommunal xidmətlərin qiymətləri birbaşa bazar mexanizmləri ilə deyil, dövlət tərəfindən tənzimlənir.
“Ölkədə həm qaz, həm elektrik enerjisi, həm də istilik daxili resurslar hesabına istehsal olunur və bu sahədə xammal təminatında xarici asılılıq yoxdur.
Dünya bazarında baş verən qiymət dəyişiklikləri Azərbaycanın daxili enerji bazarına ciddi təsir göstərmir. Bu səbəbdən yaxın perspektivdə, hətta ilin ikinci yarısında belə kommunal tariflərin artırılması ilə bağlı hər hansı addımın atılması gözlənilmir. Hazırda bu xidmətləri göstərən dövlət qurumlarının ziyanla işləməsi ilə bağlı cəmiyyətə hər hansı bir məlumat sızmayıb. Əksinə, mövcud vəziyyət onu göstərir ki, tariflər sabit saxlanılır və yaxın dövrdə dəyişiklik ehtimalı aşağıdır”.
Beləliklə, ekspert rəyi göstərir ki, qlobal enerji bazarındakı dalğalanmalara baxmayaraq, Azərbaycanda kommunal xidmətlərin tarifləri ən azı qısa müddətli perspektivdə sabit qalacaq.























