Dünyanın müxtəlif ölkələrində iş saatları və iş həftəsinin müddəti bir-birindən ciddi şəkildə fərqlənir.
Referans Media xəbər verir ki, Eurostat-ın 2024-cü il üzrə məlumatlarına əsasən, Avropa İttifaqında çalışanların əsas iş yerlərində həftəlik faktiki iş vaxtı orta hesabla 36 saat təşkil edib.
Ən uzun iş həftəsi Yunanıstanda qeydə alınıb – 39,8 saat. Bolqarıstanda bu göstərici 39 saat, Polşada 38,9 saat, Rumıniyada isə 38,8 saat olub.
Əksinə, Niderlandda həftəlik faktiki iş vaxtı 32,1 saat təşkil edib. Danimarka, Almaniya və Avstriyada isə bu göstərici 33,9 saat olub.
Qanunvericilik baxımından da ölkələr arasında fərqlər mövcuddur. Məsələn, Fransada normal həftəlik iş vaxtı 35 saat, Belçikada 38 saat, Yaponiyada 40 saat müəyyən edilib. Meksika və Kolumbiyada isə bu norma 48 saatdır.
Son illərdə dünyada dörd günlük iş həftəsi modeli də diqqət çəkir. İslandiyada 2015–2019-cu illərdə keçirilən sınaq layihəsində 2 500-dən çox işçinin həftəlik iş vaxtı 40 saatdan 35–36 saata endirilib. Bu dəyişiklik əməkhaqqının azaldılması olmadan həyata keçirilib.
Portuqaliyada 2023-cü ildə 39 şirkətin iştirakı ilə 32–36 saatlıq iş həftəsi üzrə pilot layihə keçirilib. Böyük Britaniyada isə 2022-ci ildə 61 şirkət və təxminən 2 900 işçinin iştirakı ilə dörd günlük iş həftəsi sınaqdan keçirilib.
Azərbaycanda isə Əmək Məcəlləsinə əsasən, normal iş vaxtı gündə 8 saatdan, həftədə 40 saatdan artıq müəyyən edilə bilməz. Ölkədə əsas iş rejimi beşgünlük iş həftəsi və iki istirahət günündən ibarətdir.
Beləliklə, beynəlxalq göstəricilər iş vaxtının ölkələrin əmək qanunvericiliyindən, iqtisadi modelindən və məşğulluq strukturundan asılı olaraq dəyişdiyini göstərir./ajans.az/news/

