Azərbaycanda ev heyvanları üçün baytarlıq pasportunun alınmasına görə dövlət rüsumunun artırılması təklif olunur.
Referans Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Hazırda baytarlıq pasportunun verilməsinə görə 20 manat dövlət rüsumu tutulur. Təklif olunan dəyişikliyə əsasən, bu məbləğin 30 manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, ev heyvanlarının xarici ölkələrə aparılması üçün baytarlıq pasportunun tərtib edilməsi tələb olunur. Rəsmi məlumatlara görə, 2024-cü ildə 2 073, 2025-ci ildə isə 2 114 müraciət əsasında baytarlıq pasportu verilib. Rüsumun artırılması müraciətlərin sayının, pasportun hazırlanmasına sərf olunan maliyyə vəsaitlərinin və digər xərclərin artması ilə əsaslandırılır. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
