İstanbulda gecəyarısı mobil telefonlara gələn zəlzələ bildirişi minlərlə sakini təşvişə salıb.
Qısa müddətdə sosial şəbəkələrdə narahat paylaşımlar artıb, “Zəlzələni hiss edən varmı?” sualı trendə çevrilib. Xüsusilə gecə saatlarında baş verən bu xəbərdarlıq bir çox insanın yuxusunu qaçırıb və şəhərdə qısa müddətli panik ab-havası yaradıb.
Referans Media xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Bir çox vətəndaş mobil telefonlarına daxil olan xəbərdarlıq siqnalından sonra narahatlıq keçirib. Xüsusilə gecə boyu güclü lodos küləyinin təsirli olduğu İstanbulda bildiriş alan bəzi sakinləri uzun müddət yuxu tutmayıb.
Gözlənilən rəsmi açıqlama isə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən – AFAD gəlib. Qurumun yaydığı məlumata görə, saat 00:18-də İstanbul şəhərinin Çatalca rayonu mərkəz olmaqla 2,6 bal gücündə zəlzələ qeydə alınıb.
Məlumata əsasən, yeraltı təkan yerin 9,75 kilometr dərinliyində baş verib. Zəlzələ zəif olduğundan dağıntı və xəsarət barədə hər hansı məlumat verilməyib.
Buna baxmayaraq, gecə saatlarında gələn bildiriş bir çox sakin arasında qısa müddətli panikaya səbəb olub. Ekspertlər isə bildirirlər ki, erkən xəbərdarlıq sistemləri mümkün risklər barədə operativ məlumatlandırma baxımından əhəmiyyətlidir və vətəndaşların bu cür siqnallara soyuqqanlı yanaşması vacibdir.
