İsti havada çalışanlar üçün qaydalar AÇIQLANDI – Hansı işlər dayandırılmalıdır?

Ötən gün Azərbaycana rəsmi olaraq yay fəsli daxil olub. Lakin yayın gəlişi hələ bir neçə həftə öncədən özünü hiss etdirirdi. Ölkə ərazisində yüksək temperatur qeydə alınır, dəniz mövsümü artıq açılıb və insanlar yay istirahətinə başlayıblar. Bir sözlə, yay mövsümü başlamış hesab edilir.

Yay bir çoxları üçün məzuniyyət, istirahət və səyahət dövrü hesab olunsa da, bəzi insanlar üçün əksinə, daha çox əmək və məsuliyyət deməkdir. Xüsusilə açıq havada çalışan tikinti işçiləri, yol təmiri ilə məşğul olanlar, kənd təsərrüfatı işçiləri və digər peşə sahibləri yüksək temperatur şəraitində fəaliyyətlərini davam etdirmək məcburiyyətində qalırlar. Bu isə onların günvurma və digər istiliklə bağlı risklərlə üzləşməsinə səbəb olur. Məhz buna görə də əmək qanunvericiliyində belə işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasına yönəlmiş bir sıra tələblər və təminatlar nəzərdə tutulub.

Bəs isti hava şəraitində çalışan şəxslərin təhlükəsizliyi necə təmin olunur? Onların qanunla müəyyən edilmiş hansı hüquq və imtiyazları var?

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib ki, havanın tənzimlənməsi mümkün olmayan yerlərdə, əgər temperatur yüksək olarsa,  işləyən bütün işçilər peşəsindən asılı olmayaraq risk altında olurlar.

O bildirib ki, Əmək Məcəlləsinin tələbinə görə, temperatur 41 dərəcəni keçdiyi halda iş dayandırılmalıdır:
 

“Amma elə işlər var ki, orada işi fasiləsiz davam etdirmək lazımdır, yəni işi dayandırmaq mümkün olmur. Belə olduqda işəgötürən bununla bağlı müvafiq tədbirlər göməlidir. Misal üçün, iş yerində çətirlər qurmalı, işçilərə tez-tez fasilələr verməli, sərinləşdirici içkilər təklif etməli, mümkün halda, yəni əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə xələl gətirmədən xüsusi iş geyim vasitələrini daha yüngül geyimlə əvəz etməlidir.

Məsələn, dəbilqə tələb olunmayan yerdə o həsir şlyapa ilə əvəzlənir ki, işçi gündən isti vurmadan qoruna bilsin. Günvurma və istivurma ağır nəticələrə gətirə bilər. İşəgötürən də işçinin sağlamlığına görə məsuliyyət daşıdığı üçün bu tədbirləri mütləq görməlidir. Bəzən təcrübədə bunlara əməl olunmadığını görürük. Amma qanunvericliyin tələbi budur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki