İsti havada kondisioneri işə salmayan avtobus sürücülərinə RƏSMİ XƏBƏRDARLIQ

İsti yay günlərinin başlanması ilə əlaqədar paytaxtda hərəkət edən avtobuslar iyunun 15-dən etibarən yay rejiminə keçib. Yəni bütün avtobuslar kondisionerləri işə salmalıdır. Lakin bir sıra avtobuslarda sürücülər kondisioneri işə salmaqdan imtina edirlər. Bəziləri bunu kondisionerin işlək olmaması ilə əsaslandırırlar.

Belə olan halda, hansı tədbirlər görülür?

Bununla bağlı ilkin olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərdik. Qurumdan Referans Media-ya  bildirilib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib:

“Daşıyıcılara zəruri hazırlıq tədbirlərinin görülməsi barədə tapşırıq verilib. Bu il də havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün soyutma və havalandırma sistemlərinin texniki cəhətdən işlək vəziyyətdə saxlanılması, hava şəraitinə uyğun tənzimlənməsi tapşırılıb”.

Sorğumuza cavab olaraq “BakuBus” MMC-dən bildirilib ki, avtobuslarda kondisioner sistemlərinin işə salınması və idarə edilməsi tam mərkəzləşdirilmiş qaydada həyata keçirilir:

“Sürücülərin bu sistemləri aktivləşdirmək və ya söndürmək imkanı yoxdur. Sərnişinlərimizin rahatlığını təmin etmək məqsədilə qaydalara əməl olunmasına dair müntəzəm monitorinqlər aparılır və hər hansı kənar müdaxilə halı aşkarlanarsa, dərhal zəruri tədbirlər görülür”.

“Xaliq Faiqoğlu” MMC-dən isə bildirilib ki, hazırda şirkətin istismarında olan müntəzəm marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərən müasir tipli avtobus nəqliyyat vasitələrinin 90 faizindən çoxunda kondisionerlər işlək vəziyyətdədir:

“Gün ərzində hər hansı avtobusda texniki nasazlıq halı yaşanarsa, həmin avtobus xətdən kənarlaşdırılır və texniki xidmət göstərilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki