Keleçi İheanaço dayanmır! "Bursaspor"a son dəqiqədə qələbə gətirdi - VİDEO

Türkiyə 1-ci Liqasının 6-cı turunda Bursaspor səfərdə “Manisa FK” ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda Bursaspor 2:1 hesabı ilə qalib gəlib.

Referans Media xəbər verir ki, 19 May Stadionunda keçirilən görüşdə meydan sahibləri 20-ci dəqiqədə Sylla-nın qolu ilə hesabı açıb. Bursaspor isə cəmi 7 dəqiqə sonra Keleçi İheanaçonun qolu ilə hesabı bərabərləşdirib.

Oyunun taleyini isə son dəqiqələrdə məhz nigeriyalı hücumçu müəyyənləşdirib. İheanaço 90+2-ci dəqiqədə fərqlənərək Bursaspora 2:1 hesablı qələbə qazandırıb.

Mövsümün əvvəlində “Seltik”dən Bursaspora transfer olunan Keleçi İheanaço Türkiyə 1-ci Liqasında möhtəşəm çıxışını davam etdirir.

Nigeriyalı ulduz 6 oyunda 10 qola birbaşa töhfə verib. Onun bu performansı Bursasporun zirvə uğrunda mübarizəsində mühüm rol oynayır.

Klub da matçdan sonra hücumçunun çıxışına diqqət çəkərək sosial media hesabında “Çox rahat, çox peşəkar” ifadəsini paylaşıb.

“Manisa FK” üzərində qələbədən sonra Bursaspor xallarını 15-ə çatdırıb. Bursa təmsilçisi lider “Batman Petrolspor”u izləməyə davam edir.

“Manisa FK” isə bu məğlubiyyətin ardından 8 xalda qalıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki