“Çirkin” serialı qalmaqala səbəb oldu: Bu səhnələr gündəm oldu - VİDEO

“Star TV”də yayımlanan “Çirkin” serialının yeni mövsüm treyleri qalmaqala səbəb olub. Serialın bəzi səhnələrinin 2022-ci ildə ekranlaşdırılan “Bergen” filmi ilə oxşarlığı müəllif hüquqları ilə bağlı mübahisə yaradıb. Məsələyə “Bergen” filmində baş rolu canlandıran aktrisa Farah Zeynep Abdullah da müdaxilə edib. O, əvvəlcə serialın treylerindəki bir detalı tənqid edib, daha sonra izləyicilərindən birinin söyüşlü mesajını sosial şəbəkədə paylaşıb.

Referans Media xəbər verir ki, baş rollarını Derya Pınar Ak və Çağlar Ertuğrulun canlandırdığı “Çirkin” serialının ikinci mövsümünün ilk tanıtımı sosial mediada geniş müzakirələrə səbəb olub. Treylerdə Meryem obrazını canlandıran Derya Pınar Akın səhnəyə çıxmağa hazırlaşdığı kadrlar “Bergen” filmindəki səhnələrlə müqayisə edilib. Makiyaj masasının qarşısında hazırlanmaq, əlcəkləri geyinmək, ətir vurmaq, gözlərin yaxın planda göstərilməsi və daha sonra dəhlizdən keçərək səhnəyə çıxmaq kimi detalların iki ekran işi arasında ciddi oxşarlıq yaratdığı bildirilib.

Oxşarlıq sosial mediada geniş yayıldıqdan sonra “Bergen” filminin prodüser şirkəti Orchestra Content hüquqi addım atacağını açıqlayıb. Şirkət sözügedən səhnələrin ssenari mərhələsindən etibarən xüsusi şəkildə hazırlandığını və storyboard-a qədər işlənildiyini bildirib. Həmçinin səhnələrdəki səs dizaynı, çəkiliş üslubu və yaradılan atmosferin “Bergen” filmindən götürüldüyü iddia edilib. Prodüser şirkəti treylerin yayımının dayandırılmaması halında müəllif hüquqlarının pozulması ilə bağlı hüquqi proses başladacağını, həmçinin maddi və mənəvi təzminat tələb ediləcəyini açıqlayıb.

“Çirkin” serialının prodüseri 25 Film isə ittihamları rədd edib. Şirkət qazino kulisində hazırlaşan müğənninin makiyaj masasından qalxaraq dəhlizdən keçməsi və səhnəyə çıxması kimi kadrların kino tarixində, o cümlədən Yeşilçam filmlərində dəfələrlə istifadə olunan ümumi təsvir üsulu olduğunu müdafiə edib.

Mübahisəyə “Bergen” obrazını canlandıran Farah Zeynep Abdullah da qoşulub. Aktrisa serialın tanıtımındakı səhnələrə işarə edərək sosial media hesabında “Göz sarğısını unutmusunuz...” ifadəsini yazıb. Abdullah bununla kifayətlənməyib. Daha sonra izləyicilərindən birinin “Çalıblar...” ifadəsinin yer aldığı, söyüşlü mesajını Instagram hekayəsində paylaşıb. Aktrisa həmin paylaşımın üzərinə isə “Bənzərliklər tamam da...” qeydini əlavə edib.

Beləliklə, “Çirkin” serialının yeni mövsüm treyleri yalnız ekran işi ilə bağlı deyil, iki prodüser şirkəti arasında müəllif hüquqları mübahisəsi və Farah Zeynep Abdullahın sərt reaksiyası ilə də gündəmin əsas mövzularından birinə çevrilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki