Kredit götürmək istəyənlərə vacib xəbər: Qaydalar dəyişir

Mərkəzi Bank banklarda kredit risklərinin idarə edilməsi qaydalarına dəyişiklik edib.

Referans Media  xəbər verir ki, yeni qərara əsasən, vətəndaşlar banklara müraciət edərək istehlak krediti müqavilələrinin məsafədən bağlanmasına və ya kredit limitinin onlayn artırılmasına qadağa qoya biləcəklər. Bu məhdudiyyət yalnız müştərinin fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş autentifikasiya ilə etdiyi müraciət əsasında ləğv ediləcək.

 
Qaydalara görə, banklar onlayn kredit və ya kredit limiti artırılması zamanı müştərinin belə bir məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemləri, həm də kredit büroları vasitəsilə yoxlamalıdır. Məhdudiyyət mövcud olduqda məsafədən kredit rəsmiləşdirilməsi mümkün olmayacaq.
Bundan başqa, məhdudiyyət qoymuş şəxs adından onlayn kredit müraciəti daxil olarsa, bank müştərini dərhal SMS və ya mobil tətbiq vasitəsilə məlumatlandıracaq.

Yeni tələblərə əsasən, məsafədən verilən kredit vəsaitləri dərhal köçürülməyəcək. Gün ərzində verilən və ya artırılan məbləğ minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu həddi aşdıqda isə 24 saat sonra təqdim ediləcək.
Qərara əsasən, bank olmayan kredit təşkilatları da bu qaydalara əməl etməlidirlər.

Mərkəzi Bankın aprelin 28-də qəbul etdiyi dəyişikliklər 1 oktyabr tarixindən qüvvəyə minəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki