Bir körpənin həyatından daha vacib nə ola bilər? Vəzifəmi, imicmi, yoxsa tərif dolu şərhlər?
Naxçıvan Perinatal Mərkəzində doğuş zamanı körpənin boynunun zədələnməsi və hadisənin ailəyə necə təqdim olunması ilə bağlı son dərəcə ağır iddialar səsləndirilir. Əgər bu iddialar doğrudursa, söhbət adi tibbi səhlənkarlıqdan deyil, insan həyatına, həkim məsuliyyətinə və mənəvi dəyərlərə münasibətdən gedir. Ən dəhşətlisi isə hadisədən sonra baş verənlərin gizlədilməsi, əməkdaşlara susmaq barədə təzyiq göstərilməsi və hüquq-mühafizə orqanlarına yanlış məlumat verilməsi iddialarıdır.
Cənab Rəşadət Nabatov!
Səhiyyə idarəçiliyi sosial şəbəkələrdə tərif dolu şərhlər yazdırmaq, yaxınlara təşəkkür məktubları hazırlatdırmaq və nazirliyin səhifəsində süni müsbət imic formalaşdırmaq deyil!
Səhiyyə idarəçiliyi insan həyatına sahib çıxmaqdır. Xəstənin haqqını qorumaqdır. Həkim səhvinə yol verilibsə, onu ört-basdır etmək yox, araşdırmaq və məsul şəxsləri qanun qarşısında cavab verməyə çağırmaqdır.
Naxçıvan səhiyyəsinin ehtiyacı trollara, süni təriflərə və vitrin görüntülərinə deyil, şəffaflığa, peşəkarlığa və vicdanlı idarəçiliyədir.
Bir ananın göz yaşını heç bir təşəkkür məktubu silə bilməz. Bir körpənin taleyini heç bir tərifli şərh unutdura bilməz. Həqiqəti isə nə vəzifə, nə də qurulmuş susqunluq divarı əbədi gizlədə bilər. Bu hadisə müstəqil və obyektiv araşdırılmalıdır. Hadisənin bütün tibbi sənədləri yoxlanılmalıdır. Doğuşda iştirak edən şəxslərin izahatları alınmalıdır. Mümkün tibbi müdaxilə və sonrakı davranışlar araşdırılmalıdır. Hər hansı təzyiq və məlumatların gizlədilməsi olub-olmadığı müəyyən edilməlidir.
Bizim tələbimiz kiminsə əvvəlcədən günahkar elan edilməsi deyil. Bizim tələbimiz həqiqətin üzə çıxması, körpənin taleyinə aydınlıq gətirilməsi və qanun qarşısında ədalətin təmin olunmasıdır.
Unutmayın: Səhiyyə insanların həyatını xilas etmək üçündür, vəzifəli şəxslərin nüfuzunu qorumaq üçün deyil!
Sima Babayeva
