Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nda dəyişikliklər edib.
Referans Media xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Sənədə əsasən, gündəlik kreditlər bir dəfə restrukturizasiya olunduqda restrukturizasiya anında olan təsnifat kateqoriyasından yuxarı təsnifat kateqoriyasına aid edilməyəcək. Həmin kreditlər iki dəfə və daha artıq restrukturizasiya olunduqda azı qeyri-qənaətbəxş aktiv kimi, restrukturizasiya anında "qeyri-standart" kateqoriyada olan kreditlər isə mövcud kateqoriyadan bir pillə aşağı kateqoriyada təsnifləşdiriləcək.
Bundan başqa, AMB 15 noyabr 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"nda da dəyişiklik edib.
Dəyişikliyə əsasən, gündəlik kreditlər üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır.
Eləcə də gündəlik kreditlər, əsas məbləğ üzrə qalıq məbləğinin 20%-nin ödənilməsi şərti ilə yalnız bir dəfə, maksimum 45 gün müddətinə restrukturizasiya olunacaq. Bu zaman gecikməyə görə faiz və yaxud dəbbə pulu tətbiq edilməyəcək. İndiyə qədər bu cür kreditlər restrukturizasiya olunmurdu.
