Livan Prezidenti Cozef Aun bildirib ki, İsraillə silahlı qarşıdurmanın dayandırılması üzrə danışıqlarda ölkəsi alçaldıcı heç bir razılaşmanı qəbul etməyəcək.
Referans Media xəbər verir ki, Aun eyni zamanda Hizbullah təşkilatını Livanı müharibəyə sürükləməkdə və ölkəyə xəyanət etməkdə ittiham edib.
Livan Prezident Administrasiyasının yaydığı məlumata görə, Aun ölkənin cənubundan gələn nümayəndə heyəti ilə görüşündə deyib:
“Biz xəyanət etmirik. Əsl xəyanət xarici maraqlar naminə ölkəni müharibəyə sürükləyənlərin etdiyidir.”
Prezident qeyd edib ki, danışıqlara başlamazdan əvvəl atəşkəsin təmin olunmasının vacibliyi ABŞ tərəfinə əvvəldən çatdırılıb. O xatırladıb ki, bu mövqe 14 və 23 aprel tarixlərində İsraillə səfirlər səviyyəsində keçirilən görüşlərdə də təkrar edilib.






















