Bağçalıdan Türkiyə-Azərbaycan münasibətləri haqda kritik AÇIQLAMA

Türk tarixinin ən əlamətdar dövrlərindən birini yaşayırıq. Tarixin və taleyin dönüş nöqtələrindən birinə hamılıqla şahidlik edirik. Türkiyə Cümhuriyyətinin yaradılmasının 103-cü, türk respublikalarının müstəqillik əldə etmələrinin isə 35-ci ildönümü mübarək olsun!

Referans Media xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Türkiyə Cümhuriyyətinin 103-cü, türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə deyib.

“Bu iki tarixi nailiyyəti birlikdə qeyd etmək xalqımız üçün böyük qürur mənbəyidir. Çünki türk xalqı tarix boyu müstəqilliyinə və azadlığına vurulmaq istənilən zəncirləri qırıb atmış, qarşısına çəkilmək istənilən maneələri dəf etmiş bir xalqdır.

Buna görə də Cümhuriyyətimizin 103-cü ildönümünü və türk respublikalarının müstəqilliklərinin 35-ci ildönümünü birlikdə qeyd etdiyimiz bu əlamətdar dövrdə paytaxtımız Ankaranın türk dövlətlərinin liderlərini qarşılaması milli tariximizlə türk dünyasının gələcəyi arasında güclü və mənalı əlaqə yaradır.

Bu sammit köklü tariximizdən güc alaraq qardaşlıq əlaqələrimizi möhkəmləndirmək, müstəqil dövlətlərimizin suverenliyinə qarşılıqlı hörmət əsasında ortaq hədəflərimizi irəli aparmaq və türk dünyasının gələcəyinə istiqamət verəcək qətiyyətli iradəni ortaya qoymaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu mübarək gün münasibətilə türk dünyasına səslənmək istəyirəm:

Türk dünyasının bu gün gəlib çatdığı mərhələ öz-özünə əldə edilməyib. O, əsrlərin sınağından keçib, çoxsaylı çətinlikləri dəf edib, böyük mübarizələr və sarsılmaz iradə sayəsində bugünkü tarixi mövqeyinə çatıb.

Bu gün eyni ideal ətrafında birləşə biliriksə, bunun arxasında dilini, mədəniyyətini, mənəvi irsini və gələcək amalını nəsildən-nəslə ötürən böyük bir sivilizasiya dayanır.

Bu zəngin irs Manasdan Alpamışa, Dədə Qorquddan Yusif Xas Hacibə, Mahmud Kaşğaridən Əlişir Nəvaiyə, Xoca Əhməd Yəsəvidən Yunus Əmrəyə, Abaydan Məhtimquluya, Nəsimidən Süleyman Çələbiye, İsmayıl Qaspıralıdan Ziya Göyalpa qədər uzanan möhtəşəm fikir, mənəviyyat və ideal mirasıdır.

Öz dövrlərində türk xalqının dilini, mədəniyyətini, düşüncəsini və ortaq gələcəyini yaşatmaq uğrunda mübarizə aparan bu böyük şəxsiyyətlər bu gün aramızda yüksələn mənəvi və intellektual körpülərin təməl daşlarıdır.

Manasın cəsarətində, Alpamışın igidliyində, Dədə Qorqudun müdrikliyində, Əhməd Yəsəvinin mənəvi dünyasında, Abayın hikmətində və Məhtimqulunun azadlıq idealında eyni sivilizasiyanın dərin izləri var. Bu izlər keçmişdən bu günə uzanan tarixi davamlılığımızın və kimliyimizin nişanəsidir.

Cədidçilik məşəlini yandıraraq Türküstan coğrafiyasında böyük oyanışa öncüllük edən İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” idealı isə bu irsin gələcəyə daşınması üçün güclü bir yol göstəricisi olub.

Əsrlər boyu coğrafiyalarımız ayrılıb, aramıza sərhədlər girib, yollarımızı məsafələr ayırıb. Lakin qəlblərimiz arasındakı bağlar qırılmayıb, tarixi yaddaşımız silinməyib, qardaşlıq duyğumuz aradan qalxmayıb.

Çünki bizi bir-birimizə bağlayan və birləşdirən ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, ideallarımız və gələcəyə dair təsəvvürlərimizdir. Bu bağ zamanın aşındıra bilmədiyi, məsafələrin zəiflədə bilmədiyi və şəraitin aradan qaldıra bilmədiyi köklü sivilizasiya bağlarıdır.

Bu gün türk dövlətlərinin eyni təşkilat çətiri altında bir araya gəlməsi əsrlərə yayılan böyük yürüşün növbəti mərhələsidir. Türk Dövlətləri Təşkilatı tarixi yaxınlığımızı institusional əlaqələri baxımından çox önəmlidir.

Xüsusilə vurğulayıram: türk dünyasını təşkil edən qardaş dövlətlərimizlə aramızdakı qardaşlıq bağlarının zədələnməsinə yalnız iki dövlət arasındakı münasibətlərə aid məsələ kimi baxmaq olmaz. Bu bağlar tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə dair ideallarımızın ayrılmaz hissəsidir. Azərbaycanla Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərdən daha geniş tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki xalqın iradəsi ilə möhkəmlənib, ortaq mübarizələrlə daha da güclənib və nəsillər boyu yaşadılıb. Eyni həssaslıq türk dünyasının bütün qardaş dövlətlərinə münasibətdə də keçərlidir. Heç bir fikir ayrılığının böyüdülməsinə, heç bir mübahisənin daimi parçalanmaya çevrilməsinə, aramıza nifaq toxumlarının səpilməsinə imkan verilməməlidir.

Türk dünyasının gələcəyi ortaq məsuliyyətimizdir. Qardaşlığımızı qorumaq, müstəqil dövlətlərimizin suverenliyinə hörmət etmək və tarixi yürüşümüzü gələcək nəsillərə ötürərək davam etdirmək hər birimizin borcudur. Bu anlayışla Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət və Hökumət Başçıları Sammitinin ölkəmiz, qardaş dövlətlərimiz və bütün türk dünyası üçün xeyirli olmasını arzulayıram. Sammitin qardaşlıq bağlarımızı daha da gücləndirməsini, ortaq hədəflərimiz üçün yeni üfüqlər açmasını və türk dünyasının parlaq gələcəyinə davamlı töhfələr verməsini diləyirəm. Bu duyğu və düşüncələrlə mənəvi və mədəni coğrafiyamızın hər bir guşəsində yaşayan bütün qardaşlarımıza ən səmimi salamlarımı və məhəbbətimi çatdırıram. Uca Allah türk dünyasının birliyini daim, qardaşlığımızı möhkəm etsin! Dövlətlərimizi güclü, xalqlarımızı əmin-amanlıq içində, qardaşlığımızı sarsılmaz, türk dünyasının gələcəyini parlaq etsin!

Nə mutlu türkəm deyənə!”, – deyə Dövlət Bağçalı bildirib.//Globalinfo.Az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki