Afrikanın Mali Respublikasında baş verən silsilə hücumlardan sonra ölkənin Baş naziri Abdoulaye Maiga xalqa müraciət edərək terrora qarşı mübarizənin davam edəcəyini bildirib.
Referans Media xəbər verir ki, Maiga 25 aprel tarixində ölkənin müxtəlif bölgələrində eyni vaxtda həyata keçirilən hücumların məqsədinin qorxu yaratmaq və milli birliyi sarsıtmaq olduğunu deyib. O, bu hücumları “qorxaq və barbar” adlandıraraq belə vurğulayıb: “Qorxmadıq, tərəddüd etmədik və heç vaxt qorxmayacağıq.”
Məlumata görə, hücumlar Camaat Nusraul-İslam və Muslim (JNIM) və Azavad Qurtuluş Cəbhəsi (FLA) tərəfindən birgə təşkil olunub.
Paytaxt Bamako başda olmaqla bir sıra şəhərlərdə – Kati, Kidal, Gao və Sevare bölgələrində güclü partlayışlar və silahlı toqquşmalar qeydə alınıb. Hücumlar zamanı ölkənin müdafiə naziri Sadio Kamara öz evinə təşkil edilən intihar hücumu nəticəsində ağır yaralanaraq həyatını itirib.
Baş nazir bildirib ki, Mali ordusu hücumlara dərhal cavab verib və genişmiqyaslı əməliyyatlara başlayıb. Rəsmi məlumatlara görə, keçirilən hava əməliyyatları nəticəsində 100-dən çox silahlı şəxs zərərsizləşdirilib.
Bununla yanaşı, Azavad Qurtuluş Cəbhəsi ölkənin şimalında yerləşən Kidal şəhərinə nəzarəti ələ keçirdiyini iddia edib.
Maiga vurğulayıb ki, hökumət terrorizmlə mübarizəni tam qələbəyə qədər davam etdirəcək və bu cür hücumlar ölkənin iradəsini sarsıda bilməyəcək.























