Mənzil alqı-satqısı zamanı alıcılar əsasən evin qiymətinə, yerləşdiyi əraziyə və texniki vəziyyətinə diqqət yetirirlər. Lakin mənzilin hüquqi vəziyyəti ilə yanaşı, onun keçmişi barədə məlumatların araşdırılması da gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması baxımından əhəmiyyət daşıyır.
Bəs mənzil alarkən onun keçmişi ilə bağlı hansı məlumatları araşdırmaq vacibdir? Evdə əvvəllər cinayət hadisəsi, yanğın və ya digər ciddi insident baş veribsə, alıcı bunu necə müəyyən edə bilər və belə halların aşkarlanması satış qərarına hansı təsir göstərə bilər?
Referans Media bildirir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a qeyd edib ki, satış səbəbi satıcının şəxsi qərarı ilə bağlı ola bilər və onun müxtəlif səbəbləri mövcuddur.
Onun sözlərinə görə, borcunun olması, əldə etdiyi vəsaiti başqa istiqamətə, o cümlədən investisiyaya yönəltmək istəməsi və ya birdən çox mənzilə sahib olması da satış qərarının səbəblərindən ola bilər:
“Sadəcə, alıcı peşəkar qurum və təşkilatlardan məsləhət almalıdır, konsaltinq xidmətindən istifadə etməlidir. Yəni qiymətləndirmə və ya rieltor təşkilatına müraciət etməlidir ki, həmin binanın sürüşmə zonasında yerləşib-yerləşmədiyi və qəzalı olub-olmadığı müəyyənləşdirilsin, həmçinin binanın gələcək Baş Plana (2040-cı il) əsasən söküntü ərazisinə düşüb-düşməməsi araşdırılsın.
Bundan başqa, binanı tikən şirkətin portfeli, yəni keçmişi, fəaliyyəti, hər hansı keyfiyyətsiz iş görüb-görməməsi, binada istifadə olunan materialların keyfiyyəti və digər amillər də araşdırılmalıdır. Təbii ki, burada həm mənzilin təmir keyfiyyətini, həm də binanın yerləşdiyi ərazinin infrastrukturunu, nəqliyyat əlçatanlığını və sairəni nəzərə almaq lazımdır. Bütün bunlar araşdırılmalıdır ki, vətəndaş mənzili alıb-almamaq barədə düzgün qərar verə bilsin.
Bundan əlavə, ilk növbədə sənədlər yoxlanılmalıdır. Əvvəlki dövrlərdən fərqli olaraq, elektron sistemdə mənzilin mülkiyyətinə dair sənədlərin, xüsusilə də əmlak reyestrindən verilmiş çıxarışın yoxlanılması mümkündür. Həmin yoxlama zamanı sənədlərin hüquqi düzgünlüyü müəyyən olunmalı, payçıların olub-olmaması və mənzilin yalnız bir nəfərə məxsus olub-olmaması araşdırılmalıdır”.
Vüqar Oruc əlavə edib ki, mənzildə qeydiyyatda olan şəxslərin alqı-satqı zamanı qeydiyyatdan çıxarılıb-çıxarılmaması və sənədlərin qaydasında olub-olmaması da detallı şəkildə araşdırılmalıdır ki, sonradan problemlər yaranmasın:
“Bir də, təbii ki, alqı-satqı prosesi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq notarius tərəfindən rəsmiləşdirilməli, müqavilə bağlanmalı və alqı-satqı rəsmi qaydada həyata keçirilməlidir.
Cinayət hadisəsinin baş verməsi, yanğının olması və ya başqa bir hadisənin baş verməsi məsələsinə gəldikdə isə, təbii ki, bunları həmin ərazidə fəaliyyət göstərən rieltorlardan və ya həmin binada yaşayan sakinlərdən araşdırmaq və aydınlaşdırmaq olar. Eləcə də kütləvi informasiya vasitələrində həmin bina ilə bağlı hər hansı məlumatın yayılıb-yayılmadığını araşdırmaq mümkündür.
Təbii ki, bu amillər mənzilin hüquqi və texniki vəziyyəti ilə müqayisədə ikinci dərəcəli məsələlər hesab oluna bilər. Azərbaycan mentalitetində keçmişdə hər hansı arzuolunmaz hadisə baş vermiş mənzilin alınmasına ehtiyatlı yanaşma var. Bu yanaşma təkcə mənzillərə deyil, avtomobillərə və digər əşyalara da aiddir. Amma dünya praktikasında belə yanaşmanın fərqli formaları mövcuddur.
Əsas məsələ mənzilin istifadəyə yararlı olması və sənədlərinin qanunla müəyyən edilmiş qaydada düzgün tərtib olunmasıdır. Digər məsələlər isə ikinci dərəcəli amillərdir”, – deyə Vüqar Oruc fikrini tamamlayıb.
