“Microsoft” istifadəçilərinə PİS XƏBƏR: “Outlook” və “Teams” çökdü, milyonlarla istifadəçi təsirləndi!

ABŞ-nin texnologiya nəhəngi “Microsoft”un bir sıra xidmətlərində qlobal miqyasda giriş problemi yaranıb. “Microsoft 365”, “Outlook” və “Teams” istifadəçiləri bağlantı xətaları ilə üzləşiblər. Şirkət problemin səbəbini açıqlayaraq texniki nasazlığın aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.

Referans Media xəbər verir ki, internet xidmətlərindəki fasilələri izləyən “Downdetector” platformasının məlumatına görə, Azərbaycan saatı ilə 21:30-dan etibarən sözügedən xidmətlərə girişlə bağlı çoxsaylı şikayətlər qeydə alınıb. Problemlə bağlı açıqlama verən “Microsoft” bir neçə regionda infrastrukturun müəyyən hissəsində yüklənmənin artdığını və bunun bağlantı xətalarına səbəb ola biləcəyini bildirib.

Şirkətin apardığı araşdırma nəticəsində problemin birbaşa istifadəçi trafikinin artması ilə əlaqəli olmadığı müəyyən edilib. Belə ki, bəzi serverlərin gözlənilmədən sıradan çıxması işlək vəziyyətdə olan digər serverlərin üzərinə düşən yükü artırıb. Bu isə istifadəçilərin xidmətlərə qoşulmasında çətinliklər yaradıb.

“Microsoft” yaranmış problemin təsirini azaltmaq məqsədilə infrastruktur üzrə bütün paylama əməliyyatlarını müvəqqəti dayandırıb. Eyni zamanda, nasazlıqdan təsirlənən serverlərə yönələn əlavə trafikin digər istiqamətlərə ötürülməsi istiqamətində tədbirlər görülüb. Şirkət bəzi serverlərin avtomatik sağlamlıq yoxlamalarından keçə bilmədiyini və buna görə də fəaliyyətdən kənarlaşdığını açıqlayıb.

Problemin aradan qaldırılması üçün yeni konfiqurasiya dəyişikliyi sınaqdan keçirilib. Bununla yanaşı, fəaliyyəti dayanan serverlərin yenidən işə salınması prosesinə başlanılıb. “Microsoft” alternativ server sağlamlığı yoxlama metodunun da təsdiqləndiyini və bu üsul sayəsində bəzi serverlərin yenidən istifadəyə verildiyini bildirib.

Şirkət müsbət nəticə verən texniki dəyişikliyin daha geniş miqyasda tətbiqinə başladığını və bərpa prosesini yaxından izlədiyini qeyd edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki