Telefonunuzu ustaya verərkən bu səhvi etməyin – Bank məlumatlarınız və şəxsi yazışmalarınız təhlükədə!

Bu gün mobil telefonlarda bank kartı məlumatları, şəxsiyyət vəsiqəsinin surəti, şəxsi yazışmalar, fotoşəkillər və digər məxfi məlumatlar saxlanılır. Telefonun qəfil sıradan çıxması və təmirə ehtiyac yaranması isə bu məlumatların təhlükəsizliyi ilə bağlı müəyyən risklər yarada bilər. Xüsusilə təmir zamanı telefonun kilid şifrəsinin ustaya verilməsi şəxsi məlumatlara icazəsiz giriş imkanını artıra bilər.

Referans Media-ya açıqlamasında İT mütəxəssisi Seyran Tağıyev bildirib ki, telefonu təmirə təqdim edərkən kilid şifrəsini mütləq şəkildə təmir edən şəxslə paylaşmaq tələb olunmur. Şifrənin verilməsi telefonun problemindən və görüləcək təmir işindən asılı olaraq zəruri ola bilər.

Onun sözlərinə görə, mümkün qədər telefonun kilidinin sahibi tərəfindən açılması tövsiyə olunur. Ustadan şifrənin hansı səbəbdən tələb edildiyini və konkret olaraq hansı əməliyyatın aparılması üçün lazım olduğunu soruşmaq lazımdır.

Mütəxəssis qeyd edib ki, bəzi telefon modellərində xüsusi təmir rejimləri mövcuddur. Məsələn, Samsung cihazlarında Maintenance Mode (Təmir rejimi), Google Pixel modellərində isə Repair Mode funksiyası var. Digər modellərdə isə «İkinci sahə» adlanan funksiyalardan istifadə etmək mümkündür.

Seyran Tağıyev telefonu ustaya təqdim etməzdən əvvəl bu rejimləri aktivləşdirməyi tövsiyə edib.

O, eyni zamanda, təmirə təqdim etməzdən əvvəl bank tətbiqlərindən və sosial media hesablarından çıxış etməyin məqsədəuyğun olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, təmir prosesi başa çatdıqdan sonra ustadan görülən işlərlə bağlı təmir aktının alınması da tövsiyə olunur.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki