NATO-dan yeni xəbərdarlıq: Gələcəyin müharibələrini süni intellekt idarə edəcək

NATO nüvə silahlarının yaratdığı çəkindirici gücə rəqib ola biləcək yeni bir dövrə hazırlaşır.

Referans Media  xəbər verir ki, NATO-nun yüksək rütbəli komandanının sözlərinə görə, gələcəyin münaqişələrində süni intellekt tərəfindən idarə olunan minlərlə pilotsuz uçuş aparatından (PUA) ibarət "böyük sürülər" həlledici rol oynayacaq.

 Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra həm PUA, həm də süni intellekt texnologiyalarında böyük sıçrayış qeydə alınıb. NATO isə bu iki texnologiyanın birləşərək kütləvi miqyasda istifadəsinin yaradacağı təhdidlərə qarşı hazırlıqlarını sürətləndirib.

Avropada Müttəfiq Transformasiya Ali Komandanlığını (SACT) təmsil edən general-mayor Konstantin-Adrian Ciolponea müdafiə ittifaqının yaxın beş il ərzində bu yeni müharibə konsepsiyasına uyğunlaşmaq məcburiyyətində olduğunu bəyan edib.

 "Daily Mail"in yaydığı məlumata görə, C.Ciolponea PUA-ların təkamülündə yeni bir mərhələyə qədəm qoyulduğunu bildirərək bu fikirləri səsləndirib:

 "PUA-ların inkişafındakı növbəti mərhələ bir, iki və ya on-iyirmi aparatın deyil, tək bir nöqtədən, yəni istər insan, istərsə də yalnız bir PUA tərəfindən komanda verilən minlərlə PUA-nın yer aldığı sürü tipli hücumlar olacaq".

 Dünyanın müxtəlif qaynar nöqtələrində xidmət etmiş təcrübəli xüsusi təyinatlı zabit olan Ciolponea, süni intellekt dəstəkli PUA sürülərinin dağıdıcı gücünün nüvə silahları ilə müqayisə oluna biləcək səviyyəyə çatacağını vurğulayıb.

 Bu təhlükəli inkişafı həm "qorxuducu", həm də "güvənverici" adlandıran NATO komandanı qeyd edib ki, yeni nəsil hərbi texnologiyalar mövcud doktrinaları alt-üst edəcək:

 "Quru, hava və dənizdə inteqrasiya olunmuş robotlaşdırılmış və avtonom sistemlərə qarşı müdafiə təşkil etmək çox daha çətindir. Bu sistemlər kütləviliyi və dəqiqliyi birləşdirərək mövcud hərbi təfəkkürə meydan oxuyur".

 Süni intellektli sürü texnologiyalarının təcavüzkar dövlətlərə qarşı çəkindirmə qabiliyyətini artıracağını qeyd edən general mövcud güc balansının dəyişdiyinə diqqət çəkib:

 "Təcavüzkar dövlətlərə qarşı çəkindirmə daha da güclənə bilər, çünki ənənəvi hərbi hesablamaların hamısı artıq sıfır cəmli oyuna çevrilib".

NATO komandanı sonda xəbərdarlıq edib ki, gələcəkdə bu texnologiyanı inkişaf etdirə bilməyən ölkələr ciddi təhlükəsizlik problemləri ilə üzləşəcəklər. Onun sözlərinə görə, belə sürü texnologiyasına sahib olmayan dövlətlər ya hansısa təhlükəsizlik təşkilatına (alyansa) qoşulmaq, ya da təcavüzkar tərəfin şərtlərini qəbul etmək məcburiyyətində qalacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki