ABŞ-də vətəndaşlıq almaq bahalaşır: Müraciət haqları 80 faizə qədər artırıla bilər

ABŞ administrasiyası ölkə vətəndaşlığına qəbul üçün müraciət haqlarının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan yeni plan hazırlayıb.

Referans Media  AZXEBER.COM-a istinadən xəbər verir ki, təklifə əsasən, ABŞ vətəndaşlığı üçün müraciət haqları 80 faizə qədər artırıla bilər. Eyni zamanda, aşağıgəlirli şəxslər üçün tətbiq olunan güzəştlərin və ödənişdən azadolma imkanlarının ləğvi nəzərdə tutulur.

Federal Reyestrdə dərc olunan sənədə əsasən, hazırda vətəndaşlığa qəbul üçün şəxsən edilən müraciətlərə görə 760 dollar, onlayn müraciətlərə görə isə 710 dollar ödəniş alınır.

Yeni təklif qəbul edilərsə, şəxsən təqdim olunan müraciətlər üçün rüsum 75 faiz artırılaraq 1330 dollara, onlayn müraciətlər üçün isə 80 faiz artırılaraq 1280 dollara çatdırılacaq.

Bununla yanaşı, rədd edilmiş müraciətlə bağlı yenidən baxılma və ya dinləmə tələbi üçün ödənilən rüsumların da artırılması planlaşdırılır. Belə ki, bu məbləğin şəxsən müraciətlər üzrə 830 dollardan 1475 dollara, onlayn müraciətlər üzrə isə 780 dollardan 1475 dollara yüksəldilməsi nəzərdə tutulur.

Qeyd edək ki, təklifin qüvvəyə minməsi üçün müvafiq prosedurların tamamlanması tələb olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki