Balaxanının "nəfəsini kəsən" tikinti - Sement zavodunu kim himayə edir?

Bakının ən qədim və əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrindən biri olan Balaxanı kəndinə bitişik ərazidə sement zavodu quraşdırılır. Bu zavod işə düşəcəyi təqdirdə yerli sakinlərin sağlamlığına təsirsirsiz qalmayacaq. Yaşayış evlərinin bir addımlığında ucaldılan bu sənaye qurğusu həm ekoloji təhlükəsizlik normalarını, həm də dövlət başçısının bir neçə gün əvvəl imzaladığı yeni qanunvericilik tələblərini ayaqlar altına alır.

Referans Media xəbər verir ki, cəmi bir neçə gün əvvəl - 2026-cı il noyabrın 3-də Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlara mühüm dəyişiklikləri təsdiqləyib. Dövlət başçısının imzaladığı bu sənəd ətraf mühitə zərər vura biləcək istehsalat sahələri üzərində nəzarəti sərtləşdirmək və ictimai şəffaflığı təmin etmək məqsədi daşıyır.

Qanuna edilən dəyişikliklərə əsasən, “Ətraf mühitə təsirin qiymətləndirilməsi” (ƏMTQ) tələb olunan fəaliyyətlə məşğul olan hüquqi şəxslər mütləq şəkildə ətraf mühitin istehsalat monitorinqini aparmalı, istifadə olunan ölçmə vasitələri dövlət yoxlamasından keçməlidir. İstehsalat monitorinqinin nəticələri barədə illik hesabatlar hər il fevralın 1-dən gec olmayaraq müvafiq dövlət qurumuna təqdim edilməlidir. Ən mühümü, obyektin ƏMTQ sənədi ictimaiyyətin tanış olması üçün aidiyyəti qurumun rəsmi internet informasiya ehtiyatında yerləşdirilməlidir.

Balaxanı kəndi ərazisində, yaşayış evlərinin 1 addımlığında tikilən bu sement zavodunun ƏMTQ sənədi hansı dövlət qurumunun saytında dərc olunub? Kənd sakinlərinin bu layihə ilə tanışlığı nə vaxt və hansı formada təmin edilib?

Görünən odur ki, qanunun tələb etdiyi şəffaflıq və ictimai nəzarət mexanizmləri bu tikintinin sahibləri üçün “kağız parçası”ndan başqa bir şey deyil. Mövcud şəhərsalma və sanitariya normalarına görə, sement istehsalı müəssisələri I və II sinif təhlükəli sənaye obyektləri kateqoriyasına daxildir. Qanunvericiliyə əsasən, belə zavodlar yaşayış məntəqələrindən kənarda yerləşməlidir və ətrafında yaşıl sanitar-mühafizə zonası yaradılmalıdır. Bunu qanun birmənalı tələb edir. Lakin Balaxanıdakı mənzərə bu normativlərin kobud şəkildə tapdandığını göstərir. Zavodun konstruksiyaları birbaşa kəndin yaşayış massivinin qonşuluğunda quraşdırılır.

Sement tozu, kükürd dioksid və ağır metallarla zəngin tullantıların küləkli Abşeron yarımadasında birbaşa evlərin, məktəblərin və uşaq bağçalarının üzərinə çökəcəyini proqnozlaşdırmaq üçün alim olmağa ehtiyac yoxdur. Bu, minlərlə insanın tənəffüs yolları xəstəliklərinə, astmaya və onkoloji fəsadlara məhkum edilməsi deməkdir.

Aidiyyəti qurumlar niyə susur? Bir tərəfdə Prezidentin ekoloji nəzarəti gücləndirən və vətəndaşların məlumatlanmaq hüququnu qoruyan yeni qanunu, digər tərəfdə isə qanunları heçə sayaraq əhalinin sıx yaşadığı ərazidə ölüm saçan sement tozu istehsalına hazırlaşan işbazlar dayanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Səhiyyə Nazirliyi bu tikintiyə hansı əsasla göz yumur? Əgər bu obyektin qanuni icazəsi yoxdursa, nəhəng kranlar və konstruksiyalar günün günorta çağı kəndin kənarında necə ucaldılır? Yox, əgər kimlərsə bu layihəyə “yaşıl işıq” yandırıbsa, həmin məmurlar həm sanitar normaları, həm də ölkə başçısının imzaladığı son qanunun ruhunu birbaşa sabotaj etmiş olurlar./Musavat.com/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki