Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son sədr seçkisi Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilməyib.
Referans Media Manset.az-a istinadla xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının son sədr seçkilərində yeganə namizəd kimi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüş və onun sədr seçildiyi açıqlanmışdı.
Daha sonra seçkilərin nəticələri protokollaşdırılaraq təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Lakin nazirlik Əli İsa Cabbarovun sədr seçilməsini təsdiqləməyib, seçkilərin nəticələrini rədd edib. Bununla da Əli İsa Cabbarovun sədr seçilməsi rəsmiləşdirilməyib.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında keçirilən son seçkilər zamanı qalmaqal yaşanmışdı. İttifaqın hazırkı katibi Əli İsa Cabbarov, qurumun sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra bir sıra qanunsuzluqlara yol vermiş və bu əsasla qurumda Hesablama Palatası tərəfindən yoxlamalar aparılmışdı. Əli İsa Cabbarov öz namizədliyini irəli sürərək sədr seçilmək istəsə də, ölkənin tanınmış kino xadimləri bəyanat yayaraq seçkiləri boykot etmişdilər.
