Son günlər dünya bazarında neftin qiymətinin kəskin artması və bəzi proqnozlarda qiymətin 200 dollara qədər yüksələ biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Bu vəziyyətin Azərbaycanda maaş və pensiyalara təsir edib-etməyəcəyi də müzakirə olunan məsələlərdəndir.
Referans Media-ya açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, neftin qiymətinin qısa müddətə artması maaşların yüksəldilməsi üçün əsas ola bilməz.
Onun sözlərinə görə, bu proses müvəqqəti xarakter daşıyır və belə vəziyyət maaşların artırılmasına səbəb olmamalıdır. Ekspert qeyd edib ki, neftin qiyməti bu gün yüksələ bilər, lakin bir və ya iki aydan sonra yenidən aşağı düşə bilər. Bu halda maaş artırılarsa, həmin ödənişlər davamlı şəkildə verilməlidir.
Xalid Kərimli vurğulayıb ki, maaşların artırılması neft qiymətlərinin dəyişməsi ilə deyil, iqtisadi göstəricilərlə bağlı olmalıdır. Onun fikrincə, maaş artımı yalnız əmək məhsuldarlığının yüksəlməsi, istehsal olunan məhsulun həcminin artması və iqtisadi fəaliyyətin genişlənməsi zamanı baş verməlidir.
Ekspert əlavə edib ki, neft qiymətlərinin artması nəticəsində inflyasiya yaranarsa, bu, gələcəkdə müəyyən sosial göstəricilərə təsir göstərə bilər. Belə ki, qiymətlərin artması minimum əmək haqqı, yaşayış minimumu və minimum pensiyanın müəyyənləşdirilməsinə təsir edə bilər. Lakin bu proses cari ilə deyil, daha çox növbəti ilin əvvəlində gündəmə gələ bilər.
Onun sözlərinə görə, neftin qiyməti nə qədər artsa da, dövlət bu ilin ərzində maaş və pensiyalara yenidən baxmaya bilər. Çünki bu artım müvəqqəti prosesdir və müharibə kimi amillərin təsiri ilə formalaşır.
Xalid Kərimli hesab edir ki, əgər maaşların artırılması yalnız neftin bahalaşmasına bağlansa, o zaman qiymətlər aşağı düşdükdə maaşların da azaldılması kimi məntiq ortaya çıxar ki, bu da real və düzgün yanaşma deyil.
Gülnaz Abdullazadə
