image-mezuniyyetbackend

Ödənişsiz məzuniyyətə çxmaq istəyənlər OXUSUN: İki formada icazə ala bilərsiniz…

Azərbaycanda əmək münasibətləri çərçivəsində işçilərin ən çox üzləşdiyi məsələlərdən biri də ödənişsiz (öz hesabına) məzuniyyət hüququnun necə tənzimlənməsidir. Xüsusilə, müxtəlif həyat şəraitləri və gözlənilməz hallar zamanı işçilər bu hüquqdan istifadə etməyə çalışır, lakin prosedur qaydaları və işəgötürənin rolu ilə bağlı suallar aktuallığını qoruyur. Bəzi hallarda işçinin sadəcə müraciəti kifayət etdiyi halda, digər situasiyalarda tərəflər arasında razılaşma zəruri hesab olunur.

Bəs ödənişsiz məzuniyyət götürmək üçün hər zaman işəgötürənin razılığı tələb olunurmu?

Referans Media  xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Etibar Qarayev bildirib ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən ödənişsiz məzuniyyət iki formada həyata keçirilir.

“Birinci halda işçinin şəxsi xahişi əsasında ödənişsiz məzuniyyət verilir və bu zaman müəyyən hallarda işəgötürənin razılığı tələb olunmur. Əgər bu məzuniyyət Əmək Məcəlləsinin 130-cu maddəsində nəzərdə tutulan əsaslara söykənirsə, işçinin müraciəti kifayət edir. Bu əsaslar adətən işçinin iradəsindən asılı olmayan hallarla bağlıdır. Bu hallara misal olaraq doğuşla əlaqədar həyat yoldaşı məzuniyyətdə olan kişilərə 14 günədək, 16 yaşınadək uşaqları olan qadınlara və ya uşaqları təkbaşına böyüdən kişilərə, qəyyum və himayədarlara 14 günədək, adyunktura və doktoranturada təhsil alan işçilərə 1 ayadək, həmçinin müharibədə iştirak etmiş şəxslərə 14 günədək ödənişsiz məzuniyyət verilməsi daxildir”.
Etibar Qarayev bildirib ki, ikinci halda isə ödənişsiz məzuniyyət tərəflərin qarşılıqlı razılaşması əsasında verilir. Bu zaman işçi ilə işəgötürən arasında razılıq mütləqdir.

“Razılaşma əsasında verilən ödənişsiz məzuniyyətin konkret minimum müddəti müəyyən olunmasa da, maksimum müddət 6 ayadək nəzərdə tutulur və tərəflər bu çərçivədə istənilən müddət üçün razılığa gələ bilərlər”, – deyə vəkil vurğulayıb.
Beləliklə, qanunvericiliyə görə ödənişsiz məzuniyyət bəzi hallarda işçinin sadəcə müraciəti ilə mümkün olsa da, digər hallarda işəgötürənin razılığı əsas şərt kimi çıxış edir. Bu isə o deməkdir ki, hər bir konkret vəziyyət ayrıca hüquqi əsaslara uyğun qiymətləndirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki