image-az-xertebackend

Pis xəbər: Azərbaycanın xəritəsi dəyişə bilər – SƏBƏB

Xəzər dənizində suyunun səviyyəsi 2050-ci ilə qədər 8-21 metr arasında azala bilər. Bunu Astanada keçirilən Regional Ətraf Mühit Zirvəsində bildirilib.

“O, mümkün ssenarilərdən biridir”.

Referans Media xəbər verir ki, bunu “Yeni Sabah”a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşafşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov deyib.

“Hər kəsin öz yanaşması var. Yəni bu məsələlərdə tam dəqiq və dəyişməz proqnoz vermək çətindir. İndi Xəzər dənizi ilə bağlı vəziyyətə baxsaq, səviyyə daim dəyişkəndir. Məsələn, bəzi yerlərdə su geri çəkilir, digərlərində isə yenidən irəliləyir. Bu yaxınlarda Lənkəran da oldum, Xəzərin səviyyəsi 20–30 sm qalxıb, sahillər yenidən su altında qalıb. Əvvəllər quru olan ərazilər indi su ilə örtülüb. Bu, tamamilə təbii prosesdir və əsasən iqlim, yağıntı və buxarlanma ilə bağlıdır”, – deyə Mirnuh İsmayılov qeyd edib.

Bəzi mənbələrdə Azərbaycan Respublikasının ərazisi 87 min km², digərlərində 90 min km² kimi göstərilir. Təxminən 3 min km² fərq məhz dənizin səviyyəsinin dəyişməsi, daha doğrusu, suyun geri çəkilməsi nəticəsində qumsal ərazi ilə əlaqələndirilir.

Mirnuh İsmayılovun sözlərinə görə, dəniz səviyyəsinin azalması ilə yeni quru ərazilər – qumsal sahələr yaranır və ölkənin ümumi sahəsi faktiki olaraq genişlənir:

“Məsələn, bəzi yerlərdə sahil 5-10 km geri çəkilə bilir, bəzi ərazilərdə isə bu rəqəm cəmi 1-2 metr olur. Bu fərq ərazinin relyefindən asılıdır. Düzənlik ərazilərdə geri çəkilmə daha çox hiss olunur, maili və ya hündür sahələrdə isə daha az. Amma vacib məqam budur ki, bu dəyişikliklər sabit deyil. Dənizin səviyyəsi yenidən qalxanda həmin ərazilər yenidən su altında qalır. Ona görə də bu rəqəmləri tam sabit qəbul etmək və hətta dərsliklərdə qəti fakt kimi vermək bir qədər şərtidir”.

Bir çox tədqiqatlarda Xəzərin səiyyəsinin hətta 9 metrə qədər enəcəyi və son nəticədə tam quruyacağına dair proqnozlar var. Şöbə müdiri fantastik proqnoz olsa da, Xəzər tamam quruması halında onun ümumi ərazisini sahilyanı dövlətlərin necə bölüşdürəcəyinə də aydınlıq gətirib:

“Nəzəri olaraq Xəzər dənizi tam qurusaydı, bu zaman əsas məsələ dənizin dibinin bölünməsi olardı. Hazırda Xəzərlə həmsərhəd 5 dövlət – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran arasında dənizin dibinin bölünməsi ilə bağlı müəyyən razılaşmalar mövcuddur. O cümlədən Rusiya, Qazaxıstan və Azərbaycan arasında sektor prinsipi üzrə bölgü daha aydın şəkildə müəyyən edilib. Türkmənistanla bəzi mübahisəli sahələr var, İran isə ümumiyyətlə bölgü məsələsində fərqli mövqe tutub.

Ümumilikdə belə qəbul olunur ki, dənizin dibi sektorlar üzrə bölünür, yəni hər ölkəyə öz hissəsi düşür, amma su səthiə müəyyən mənada ümumi istifadə üçün açıq qalır. Əgər dəniz tam qurusa, böyük ehtimalla, bu bölgü prinsipi quru əraziyə də şamil olunar. Amma bu, çox mürəkkəb və mübahisəli proses olardı, çünki yeni sərhədlər, resurslar və maraqlar ortaya çıxardı”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunun sahəsi təxminən 60.000–65.000 km²-dir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki