Azərbaycanda “Maliyyə icarəsi haqqında” yeni Qanun qəbul ediləcək. Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib.
Bildirilib ki, “Maliyyə icarəsi haqqında” qanun layihəsi bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi və bazarın inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın maliyyəyə çıxışını asanlaşdırmaq məqsədilə hazırlanıb.
Layihənin əsas yeniliklərindən biri milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin “maliyyə icarəsi” termini ilə əvəz edilməsidir.
Hazırda Mülki Məcəllənin “Lizinq” adlanan fəsli əslində maliyyə icarəsi münasibətlərini tənzimləyir, “maliyyə lizinqi” termini isə əsasən Vergi Məcəlləsində istifadə olunur. Yeni qanunun qəbul edilməsi ilə terminlər eyniləşdiriləcək və bu sahədə hüquqi müəyyənlik gücləndiriləcək. Bu, həm də xidmətin kredit deyil, icarə münasibəti olduğunu daha dəqiq şəkildə ortaya qoyacaq.
Qanun layihəsinə əsasən, maliyyə icarəsi alanlar yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ola biləcəklər. Bu yanaşma fəaliyyətin sahibkarlıq xarakterinə uyğunlaşdırılıb. Eyni zamanda, maliyyə icarəsi fəaliyyəti ilə yalnız hüquqi şəxslərin məşğul olması və onların Mərkəzi Bankın reyestrinə daxil edilməsi tələb olunacaq.
Layihədə maliyyə icarəsi verənlər üçün minimum nizamnamə kapitalı və öz vəsaitlərinə dair tələblər müəyyən edilir, bu tələblərin konkret parametrləri isə Mərkəzi Bank tərəfindən müəyyənləşdiriləcək.
Yeni qanun layihəsi lizinq şirkətlərinə hansı tələbləri qoyacaq?
Mövzu barədə danışan iqtisadçı Xalid Kərimli Bizim.Media-ya deyib ki, bu qanun lizinq, xüsusilə, biznes, sahibkarlıq fəaliyyətində əsas vəsaitin maliyyələşdirməsi münasibətlərini tənzimləyir:
“Maliyyə lizinqinin müəyyənləşdirilməsinin bir çox nüansları var. Birincisi, uzunmüddətli olmalıdır, ikincisi, girovda olan aktiv faydalılıq müddətinin əhəmiyyətli hissəsini əhatə etməlidir, üçüncüsü, sonda cüzi qalıq dəyəri ilə satıla bilər. Yəni qanun dediyim kimi, uzunmüddətli icarə, lizinq münasibətlərini tənzimləyir.
Misal üçün, birinin pula ehtiyacı var, aktiv vəsaiti, yəni avadanlığı var. Lakin həmin avadanlıqdan həm də özü istifadə edir. Həmin avadanlığı pulu olana girov qoyub, ondan pul götürür. Bu, maliyyə icarəsinin bir formasıdır. Digər forma isə avadanlığın sahibi başqasından pul borc alır və avadanlığı da üçüncü tərəfə icarəyə verirlər.
Bu,biznes fəaliyyəti sahəsində uzunmüddətli icarə münasibətlərini tənzimləyir. Əvvəldən də bu standartlar maliyyə hesabatlarında var. Bu qanunla Azərbaycan mühasibat uçotu beynəlxalq maliyyə standartını inteqrasiya edir”.
Onun sözlərinə görə, sözügedən qanunun lombardların fəaliyyətinə heç bir aidyyəti yoxdur.
“Bunun klassik lombarda heç bir aidiyyəti yoxdur. Lombard qiymətli metalları girov götürərək nağd pul kreditinin verilməsi fəaliyyətidir. Lombardlar haqqında qüvvədə olan qanun yoxdur. Layihə hazırlanmışdı, lakin qəbul olunmadı. Hazırda o fəaliyyət Mülki Məcəllə ilə tənzimlənir”.























