Konqo Demokratik Respublikasında Bundibugyo ştammının səbəb olduğu Ebola epidemiyası ilə mübarizə davam edərkən, səhiyyə sahəsindən sevindirici xəbər gəlib.
Referans Media xəbər verir ki, bu barədə “İnternational press” məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, epidemiyanın əsas ocaqlarından biri hesab olunan Buniada müalicə alan dörd tibb bacısı və bir laboratoriya əməkdaşı tam sağalaraq xəstəxanadan buraxılıb.
Bunia şəhərinə səfər edən ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, Bundibugyo variantına qarşı hələlik təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Bununla belə, o vurğulayıb ki, xəstəliyin erkən aşkarlanması və vaxtında göstərilən tibbi yardım sağalma şansını əhəmiyyətli dərəcədə artırır.
Eyni zamanda, epidemiyanın yayılması beynəlxalq narahatlığı da artırıb. Konqo və Uqandadan qayıdan bəzi şəxslərdə şübhəli simptomların aşkarlanması Braziliya və İtaliyada səhiyyə qurumlarını yüksək hazırlıq rejiminə keçməyə vadar edib./Globalinfo.az
