Dünyaca məşhur Yaponiya oyun şirkəti “Capcom” böyük kiberhücuma məruz qalıb. Şirkətin açıqlamasına görə, hücum nəticəsində dünya üzrə 11 milyon 774 min 247 istifadəçi hesabına aid məlumatlar sızdırılıb. Elektron poçt ünvanları və IP məlumatları ələ keçirilən hesablarla yanaşı, 196 istifadəçinin şifrəsinin icazəsiz dəyişdirildiyi də aşkarlanıb.
Referans Media xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, hücum zamanı istifadəçilərin hesab məlumatları, hesabların yaradılma tarixləri, son giriş vaxtları və IP ünvanları əldə edilib. Bəzi hesablar üzrə doğum tarixi, cins, ölkə və ya region, eləcə də istifadəçi adları kimi məlumatların da sızdığı bildirilib.
“Capcom” kiberhücumun yalnız məlumat sızması ilə məhdudlaşmadığını açıqlayıb. Belə ki, hücum edən şəxslər 196 istifadəçinin hesab şifrəsini icazəsiz şəkildə dəyişdiriblər. Şirkət həmin hesabların şifrələrini sıfırlayaraq təhlükəsizlik tədbirləri görüb. Açıqlamada kredit kartı məlumatlarının hücumdan təsirlənmədiyi xüsusi vurğulanıb.
Şirkətin məlumatına görə, şifrəsi dəyişdirilən 196 hesabdan 43-ü vasitəsilə Yaponiyada fəaliyyət göstərən “e-Capcom” onlayn mağazasına daxil olunub. Nəticədə həmin istifadəçilərin ad, telefon nömrəsi, poçt indeksi, ünvan, doğum tarixi və cins kimi şəxsi məlumatları, eləcə də alış-veriş tarixçələri ələ keçirilib. Bundan başqa, müştəri xidmətləri ilə yazışma və ya əlaqə qeydlərinin, həmçinin hesablarla əlaqəli ünvan kitabçalarındakı məlumatların da hücuma məruz qaldığı bildirilib. Şirkət əlavə məlumat sızmasının Yaponiyadakı 43 hesabla məhdudlaşdığını qeyd edib.
“Capcom” sistemlərdə şübhəli fəaliyyəti oktyabrın 19-da müəyyən edib. Oktyabrın 20-də hadisəyə müdaxilə üçün xüsusi mərkəz yaradılıb, oktyabrın 21-də isə Osaka polisi və Yaponiyanın şəxsi məlumatların qorunmasına məsul qurumu məlumatlandırılıb.
Şirkət icazəsiz girişin qarşısını almaq üçün təcili təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb. Bununla yanaşı, “Capcom ID” xidmətlərinin fəaliyyətini davam etdirdiyi və oyunlara girişdə ümumi məhdudiyyət olmadığı bildirilib.
“Capcom” sızdırılmış məlumatların fırıldaqçılıq və fişinq hücumlarında istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib. İstifadəçilərə şirkətdən və ya onun xidmətlərindən göndərilmiş kimi görünən şübhəli elektron məktublara qarşı diqqətli olmaq, naməlum keçidlərə daxil olmamaq və şübhəli faylları açmamaq tövsiyə edilib. Şirkət hadisədən zərər çəkən istifadəçilərlə ayrıca əlaqə saxlanılacağını və müraciətlər üçün regional dəstək kanallarının yaradıldığını bildirib.
