Özgür Özel CHP-dən istefa verdi: “Yeni Parti” rəsmən yaradıldı

Türkiyə siyasətində uzun müddətdir davam edən gərginlik yeni mərhələyə qədəm qoyub. CHP-nin sabiq sədri Özgür Özel partiyadan istefa verdiyini açıqlayıb və yaratdığı yeni siyasi təşkilatın adının “Yeni Parti” olduğunu elan edib. Məlumata görə, onunla birlikdə 91 millət vəkili də CHP sıralarını tərk edərək yeni siyasi hərəkata qoşulub.

Referans Media xəbər verir ki, Özgür Özel sosial şəbəkədə paylaşdığı videomüraciətdə istefasını rəsmən bəyan edərək, “Vətənimiz, millətimiz, partiyamız və hamımız üçün xeyirli olsun” sözlərini işlədib. Yeni partiyanın təsis sənədlərinin Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim olunacağı bildirilib.

Məlumata əsasən, 91 deputatın CHP-dən ayrılması Türkiyə Böyük Millət Məclisində siyasi qüvvələr nisbətini dəyişdirib. Yeni yaradılan partiyanın parlamentdə əsas müxalifət qüvvəsinə çevriləcəyi, CHP-nin isə deputat sayının əhəmiyyətli dərəcədə azalacağı qeyd olunur.

Bildirilir ki, rəsmi prosedurlar tamamlandıqdan sonra Özgür Özel Ankaradakı Hacı Bayram Vəli məscidini ziyarət edəcək, daha sonra isə partiyanın təsisçiləri ilə görüş keçirərək rəhbər orqanların formalaşdırılması və siyasi yol xəritəsini müzakirə edəcək.

Bundan əlavə, Özgür Özel sosial şəbəkə hesabında da dəyişiklik edib. O, profilindən CHP ilə bağlı məlumatları silərək, “Yeni Parti”nin adı və loqosunun yer aldığı yeni vizualdan istifadə etməyə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki