Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə oldu. Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığı təkcə ikitərəfli münasibətlər müstəvisində deyil, həmçinin Avropanın enerji təhlükəsizliyi, regional sabitlik və Avrasiya nəqliyyat bağlantıları kontekstində strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi.
Referans Media bildir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə söyləyib. O bildirib ki, səfərin ən mühüm siyasi nəticəsi “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin imzalanması olub. Bu sənəd iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyən edən yol xəritəsi olmaqla siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində uzunmüddətli tərəfdaşlığın institusional əsaslarını formalaşdırır.
Enerji sahəsində əldə olunan razılaşmalar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rolu bir daha təsdiqlədi. Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən qaz tədarüklərinin genişləndirilməsi istiqamətində Almaniya ilə imzalanmış 10 illik yeni müqaviləyə əsasən, ilkin mərhələdə bu ölkəyə ildə 1,5 milyard kubmetr, sonrakı mərhələdə isə 2 milyard kubmetrədək Azərbaycan qazının nəqli nəzərdə tutulur. Bu razılaşma Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı statusunu daha da möhkəmləndirir və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir.
“Prezident İlham Əliyevin hasilat və tranzit infrastrukturunun genişləndirilməsi üçün Avropa İttifaqının adekvat investisiya dəstəyi göstərməsinin vacibliyini vurğulaması isə enerji təhlükəsizliyinin istehsalçı və istehlakçı tərəflərin ortaq məsuliyyəti olduğunu bir daha ön plana çıxardı.
İqtisadi əməkdaşlıq istiqamətində “Azərbaycan–Almaniya Biznes Şurası”nın yaradılması biznes dairələri arasında əlaqələrin sistemli inkişafı üçün yeni institusional platforma formalaşdırır. Bu mexanizm yeni investisiya layihələrinin həyata keçirilməsi, ticarət dövriyyəsinin artırılması və özəl sektor əməkdaşlığının genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Almaniyanın sənaye və yüksək texnologiyalar sahəsindəki potensialının Qarabağ və Şərqi Zəngəzurun bərpası, yaşıl enerji layihələri və rəqəmsal iqtisadiyyatın inkişafına cəlb olunması əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir”, - deyə Ə. Məhərrəmzadə vurğulayıb.
Deputat əlavə edib ki, nəqliyyat və logistika sahəsində aparılan müzakirələr Azərbaycanın Orta Dəhliz üzrə əsas tranzit mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirir. Bakı ilə Berlin arasında bu istiqamətdə əməkdaşlığın genişlənməsi Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların artmasına, təchizat zəncirlərinin şaxələndirilməsinə və Avrasiyada iqtisadi əlaqələrin inkişafına əlavə imkanlar yaradır.
Səfər regional təhlükəsizlik baxımından da böyük əhəmiyyət daşıyır. Görüşlər zamanı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin mövcud vəziyyəti və sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar müzakirə olunub. Bu müzakirələr Cənubi Qafqazda dayanıqlı sülhün və regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Həmçinin səfər beynəlxalq mediada geniş işıqlandırıldı. Almaniyanın aparıcı media qurumları, eləcə də Avropa və Asiyanın nüfuzlu informasiya resursları bu səfəri geosiyasi və geoiqtisadi baxımdan mühüm hadisə kimi təqdim etdilər. Bu geniş media marağı Azərbaycanın beynəlxalq nüfuzunun, Avropanın enerji təhlükəsizliyində rolunun və regional proseslərdə artan təsirinin növbəti təsdiqi oldu.
Ümumilikdə isə Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldən, enerji, iqtisadiyyat, investisiya, nəqliyyat və regional təhlükəsizlik istiqamətlərində yeni əməkdaşlıq imkanları açan mühüm diplomatik hadisə kimi tarixə düşdü.
