Vaşinqton administrasiyası Panama kanalının Çinin nəzarəti altında olmasına yol verməyəcək.
Referans Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Şimali Dakotada çıxış edərkən deyib: "İndi isə Çin Panama kanalını nəzarətə götürməyə çalışır. Biz buna imkan verməyəcəyik".
Kanaldan danışan prezident ABŞ-ın onu Panamaya "verməsindən" təəssüflənib: "Və onlar çoxlu pul qazandılar. Bu necə də axmaqlıq idi. Bu, indiyə qədər tikdiyimiz ən bahalı şeydir. Və ən gəlirlisi".
Qeyd edək ki, Tramp dəfələrlə Panama Kanalı üzərində Amerika nəzarətini bərpa etmək niyyətini bildirib. O, Çinin bu strateji su yolundakı kommersiya mövcudluğunu ABŞ-ın təhlükəsizliyi və ticarət maraqlarına təhdid adlandırıb. 1914-cü ildə açılan gəmiçilik kanalı ABŞ tərəfindən tikilib və idarə olunub. 1977-ci ildə Torrijos-Karter Müqaviləsi kanalın 1999-cu ildə tamamlanan mərhələli şəkildə Panamaya verilməsini müəyyən edib. Müqavilə kanalın neytral statusunu və qlobal ticarət üçün əlçatanlığını nəzərdə tuturdu. Lakin son 10 ildə Çin kanalı idarə edən şirkətə böyük investisiya yatırmaqla ona nəzarəti faktiki ələ alıb. Ötən il Trampın tələbi ilə Panama hakimiyyəti Çinlə kanala investisiya müqaviləsini ləğv edib./Musavat.com
