Bir sıra ölkələrdə vətəndaşlar pensiya yaşına çatmadan fərdi pensiya hesablarında topladıqları vəsaitdən müəyyən məqsədlər üçün istifadə edə bilirlər. Bu vəsaitlər əsasən ilk mənzilin alınması, biznesin qurulması və ya digər sosial ehtiyacların qarşılanmasına yönəldilir.
Bəs Azərbaycanda da pensiya kapitalının vaxtından əvvəl istifadəsinə imkan yaradan mexanizmin tətbiqi mümkündürmü?
Referans Media xəbər verir ki , mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, belə bir mexanizmin tətbiqi vətəndaşların sosial rifahının yaxşılaşdırılması baxımından mühüm addım ola bilər.
Onun sözlərinə görə, pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması insanların həyat şəraitinin yaxşılaşmasına xidmət edər:
“Əslində bu, vətəndaşlar üçün asanlaşdırıcı mexanizmlərdən biridir. Vətəndaşın sosial və maddi vəziyyətinin yaxşılaşdırılması baxımından vacib addımdır. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda da belə bir model nəzərdən keçirilə bilər. Bu, xüsusilə aztəminatlı insanların problemlərinin həllinə müsbət təsir göstərəcək. Ümid edirəm ki, gələcəkdə bu mexanizmin tətbiqi mümkün olacaq.”
F.Mustafa hesab edir ki, belə bir yanaşma tətbiq ediləcəyi təqdirdə həm vətəndaşların maliyyə imkanlarının genişlənməsinə, həm də sosial rifahın yüksəlməsinə töhfə verə bilər. Bununla yanaşı, mexanizmin tətbiqi zamanı pensiya sisteminin maliyyə dayanıqlığının qorunması və istifadənin konkret qaydalarla tənzimlənməsi də əsas şərtlərdən biri olmalıdır.
