“WhatsApp”ın istifadəçi adı (username) funksiyası platformada məxfilik anlayışını daha da gücləndirən yeniliklərdən biri olacaq”.
Referans Media xəbər verir ki, artıq istifadəçilər telefon nömrələrini paylaşmadan yalnız istifadəçi adı vasitəsilə əlaqə yarada biləcəklər.
Bu da şəxsi məlumatların qorunması baxımından mühüm addımdır.
Sözügedən sistemi digər sosial platformalardan fərqləndirən əsas məqamlardan biri odur ki, “WhatsApp”da hər kəs üçün açıq istifadəçi adı kataloqu olmayacaq.
Yəni “Instagram” və ya “X” platformalarında olduğu kimi, axtarış bölməsinə təsadüfi adlar yazaraq istifadəçiləri tapmaq mümkün olmayacaq.
Qarşı tərəfin sizinlə əlaqə saxlaması üçün istifadəçi adınızı tam və düzgün şəkildə bilməsi tələb ediləcək.
Bundan əlavə, “WhatsApp” istifadəçilərə əlavə təhlükəsizlik üçün 4 rəqəmli PIN kodundan istifadə imkanı da təqdim edəcək. Bu funksiya aktiv olduqda, hətta istifadəçi adınızı bilən şəxs belə sizə ilk dəfə mesaj göndərmək üçün həmin PIN kodunu daxil etməli olacaq. Bu yanaşma arzuolunmaz müraciətlərin və spam mesajların qarşısının alınmasında mühüm rol oynaya bilər.
Hesab edirəm ki, bu yenilik “WhatsApp”ın digər mesajlaşma platformalarından fərqlənən əsas üstünlüklərindən birinə çevrilə bilər. Çünki burada məqsəd təkcə telefon nömrəsini gizlətmək deyil, eyni zamanda istifadəçinin kimlə əlaqə quracağına daha çox nəzarət etməsini təmin etməkdir.
Ümumilikdə, istifadəçi adı (username) funksiyası məxfilik və təhlükəsizlik baxımından müsbət qiymətləndirilə bilər.
Əgər bu sistem elan olunduğu kimi işləsə, istifadəçilər həm şəxsi nömrələrini qoruyacaq, həm də istənməyən əlaqələrin qarşısını əvvəlki ilə müqayisədə daha effektiv şəkildə ala biləcəklər.
