Nikol Paşinyan Ermənistanda keçirilən parlament seçkilərində qələbə qazandığını bəyan edib.
Referans Media xəbər verir ki, seçkilərin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Paşinyan Türkiyə ilə münasibətlərə də toxunaraq diqqətçəkən mesajlar verib. O bildirib ki, Ermənistan və Türkiyə arasında son dövrlərdə müsbət dinamika formalaşıb və bu proses davam etdirilməlidir.
Baş nazir iki ölkə arasında münasibətlərin tam normallaşdırılması üçün sərhədlərin açılmasının və diplomatik əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.
Paşinyanın sözlərinə görə, Ermənistan və Türkiyə arasında əldə olunan müsbət atmosferdən istifadə edilərək normallaşma prosesində həlledici addımlar atılmalıdır.
O, həmçinin erməni məhsullarının ixracı və idxalında istifadə olunacaq Axalkalaki-Qars dəmir yolu xəttinin açılması qərarını müsbət qiymətləndirib. Paşinyan qeyd edib ki, nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi region ölkələri üçün yeni iqtisadi imkanlar yarada bilər.
Ermənistan hökumət başçısı çıxışında Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, regionda nəqliyyat marşrutlarının açılması və iqtisadi əməkdaşlığın genişlənməsi Cənubi Qafqazın gələcəyinə mühüm təsir göstərə bilər.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan qeyri-rəsmi nəticələrə əsasən, Paşinyanın rəhbərlik etdiyi partiya parlament seçkilərində üstün nəticə əldə edib.
