Qanlı Yanvarın 36-cı ili: Yevlaxda şəhidlərin xatirəsi ehtiramla anıldı – FOTOLAR

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Referans Media xəbər verir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsindən 36 il ötür. Bu tarix Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda böyük cəsarət və qətiyyət nümayiş etdirdiyi şərəfli bir gündür.

Rayonun ümumtəhsil, səhiyyə, mədəniyyət və gənclər müəssisələrində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar silsilə tədbirlər və anım mərasimləri keçirilib.

Yanvarın 20-də Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə faciənin 36-cı ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri təşkil edilib. Anım tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, o cümlədən Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar və gənclər iştirak ediblər.

Anım tədbiri çərçivəsində Yevlax Şəhər Şəhidlər Xiyabanında qanlı faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin məzarları ziyarət edilib, önlərinə gül dəstələri düzülərək müqəddəs xatirələri dərin ehtiramla yad olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki