Referans Media Globalinfo.az-a istinadən Türkiyədə İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçısı Oral Toğa ilə müsahibəni təqdim edir:
– Oral bəy, ABŞ və İran arasında növbəti hərbi toqquşmanın olması ehtimalı yüksəkdir. Müharibə yenidən alovlanarsa, bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?
– Münaqişənin yenidən alovlanması enerji təchizatında problemləri daha da ağırlaşdıracaq, regional hücumları artıracaq və yeni miqrasiya dalğalarına səbəb olacaq. Azərbaycan üçün əsas risklərə münaqişənin sərhədə çatması, Naxçıvanın nəqliyyat əlaqələrinin pozulması, ticarət yollarına dəyən ziyan və İrandan potensial insan axını daxildir. Neft qiymətlərinin artması Bakıya əlavə gəlir gətirə bilər, lakin uzun müddət davam edən qeyri-sabitlikdən dolayı iqtisadi və təhlükəsizlik xərcləri bu qazancı üstələyə bilər. Buna görə də, Azərbaycanın əsas marağı münaqişəyə cəlb olunmadan sərhəd təhlükəsizliyini və strateji infrastrukturunu qorumaqdır.
– İranın Məkkə sazişinə qoşulması müzakirə olunur. İran və ona bağlı husilərin hücumlarına məruz qalan Səudiyyə Ərəbistanını eyni alyansda təsəvvür etmək olarmı? Bununla yanaşı, Tehranda İran ilə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı rəsmiləri arasında görüş keçirildi. Görüş zalında dinləmə cihazının tapıldığı deyilir. İranın bu etimadsızlığını, hər üç dövlətlə aradakı mövcud və keçmiş fikir ayrılıqlarını nəzərə alsaq, sazişə qoşulması mümkündürmü? “Məkkə İttifaqı” nə üçün İranla yaxınlaşmaq istəyir?
– Əvvəla, dinləmə cihazı ilə bağlı xəbər jurnalistin iddiasıdır və cihazı kimin yerləşdirdiyi açıqlanmır. Ona görə də, belə bir hadisənin baş verdiyi, yaxud olubsa da onu yerləşdirən tərəfin niyyəti barədə qəti bir nəticə çıxara bilmərik. İranın da iştirak edəcəyi hərtərəfli müdafiə ittifaqından danışmaq üçün hələ tezdir, lakin keçmişdəki fikir ayrılıqları müəyyən məsələlərdə əməkdaşlığı qeyri-mümkün etmir. Husi hücumlarının dayandırılması, dəniz yollarının təhlükəsizliyi və qarşılıqlı hücum etməmə kimi məsələlərdə irəliləyişə tam siyasi razılaşma olmadan da nail olmaq olar.
– Türkiyənin İranla münasibətləri fonunda husilərə qarşı Səudiyyə Ərəbistanına hərbi yardımını necə şərh edərdiniz?
– Səudiyyə Ərəbistanı Körfəzin təhlükəsizliyi, enerji təchizatı və regionda qüvvələr balansı baxımından mühüm aktordur. Buna görə də, bu ölkədə sabitliyin pozulması Türkiyənin maraqlarına xidmət etmir. Lakin Səudiyyə Ərəbistanının təhlükəsizliyini dəstəkləməklə Yəmən müharibəsində birbaşa tərəf olmaq arasında əhəmiyyətli bir fərq var.
Məkkə Sazişində Türkiyənin hərbi öhdəlikləri və miqyası bu baxımdan diqqətlə nəzərdən keçirilməlidir. Hava hücumundan müdafiə, texniki yardım, kəşfiyyat mübadiləsi və müdafiə sənayesi əməkdaşlığı kimi sahələrdə dəstək vermək türk əsgərlərini birbaşa döyüşə göndərməklə eyni deyil. Üstəlik, Türkiyənin İranla münasibətləri, regional vasitəçilik qabiliyyəti və öz təhlükəsizlik prioritetləri də bu balansın bir hissəsidir. Fikrimcə, Ankaranın məqsədi Səudiyyə Ərəbistanı üçün yeni bir cəbhə açmaq deyil, regional təhlükəsizlik arxitekturasının formalaşmasında aktiv mövqe qazanmaq olmalıdır. Türkiyənin hərbi gücü və diplomatik çəkisi siyasi nəticələri nəzərə almadan digər ölkələrin təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün istifadə edilə bilən sonsuz resurslar deyil. Buna görə də, hərbi yardımın mahiyyəti, əhatə dairəsi və xərclər dəqiq müəyyən edilməlidir.
– Səudiyyə Ərəbistanında həbsdə olan iki banqladeşli gəncin edam edilməsi xəbəri dünyada geniş rezonans doğurdu. Səudiyyə Ərəbistanı Krallığı ölüm hökmü verilən ölkələr sırasında ilk yerlərdə durur, lakin bu hadisə diplomatik böhrana səbəb olmaqla siyasi müstəviyə keçdi. Səudiyyə hökuməti bu qərarı müharibə şəraitində daxildə asayişi qorumaq və ya güc nümayişi məqsədilə atmış ola bilərmi?
– Əvvəla, qeyd etmək lazımdır ki, Banqladeşli qadın və kişinin ölüm hökmünün nə vaxt qüvvəyə mindiyi hələ məlum deyil. Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin açıqlamasında Məkkədəki bir məscidin müqəddəsliyinin pozulması və ictimai asayişin qorunması xüsusi olaraq vurğulanır. Buna görə də, dövlət hakimiyyətinə və sosial çəkindirməyə üstünlük verən bir yanaşma görürük. Husi hücumları səbəbindən Səudiyyə Ərəbistanının təhlükəsizlik imkanlarının sual altına alındığı bir vaxtda bunun siyasi əhəmiyyəti ola bilər. Lakin iki əcnəbi işçinin edamı ilə İrana və ya husilərə hərbi cəhətdən çəkindirici mesaj göndərilə biləcəyi mübahisəlidir. Mənim fikrimcə, diqqət çəkən əsas məqamlar üç ildən artıq müddətdir həbsdə olan bu iki şəxsin edamından əvvəl Banqladeş hakimiyyətinə heç bir məlumat verilməməsi və məhkəmə prosesinin hələ də qeyri-şəffaf olaraq qalmasıdır./Globalinfo.az/
