image-ruminyabackend

Rumıniya 110 il əvvəl Rusiyaya göndərdiyi qızılları geri tələb edir

Rumıniya Birinci Dünya müharibəsi dövründə Rusiyaya göndərdiyi qızıl ehtiyatları və digər qiymətli əşyaların geri qaytarılmasının həm maddi, həm də mədəni baxımdan son dərəcə əhəmiyyətli olduğunu bildirib.

Referans Media xəbər verir ki, 1916-cı ildə müharibəyə qoşulan Rumıniya, paytaxt Buxarest də daxil olmaqla ərazilərinin bir hissəsini itirdikdən sonra Milli Bank başda olmaqla bir sıra mühüm qurumlarını Yaşi (Laşi) şəhərinə köçürüb. Ölkə bütün ərazilərini itirmək riski fonunda Milli Bankda saxlanılan qızıl ehtiyatlarını və digər qiymətli əşyaları təhlükəsizlik məqsədilə Rusiyaya göndərmək qərarı verib.

Həmin dövrdə Milli Bankda olan 91,5 ton qızıl, eləcə də bir sıra zinət əşyaları və mədəni dəyərə malik materiallar 1916-cı ilin dekabrında və 1917-ci ilin oktyabrında gəmi ilə Moskvaya aparılıb. Müharibədən sonra Rumıniya bu sərvətlərin geri qaytarılması üçün təşəbbüslər göstərsə də, məsələ bu günədək açıq qalır.

Rumıniya Xarici İşlər Nazirliyi 1916–1917-ci illərdə təhlükəsizlik narahatlıqları səbəbilə Rusiyaya göndərilən 91,5 ton qızıl ehtiyatı, eləcə də bəzi zinət və mədəni əşyaların geri verilməsi ilə bağlı davam edən prosesə dair açıqlama yayıb. Açıqlamada Avropa Parlamentinin 4 mart 2024-cü il tarixli qərarı xatırladılaraq, Rusiyanın bu sərvətləri qaytarmalı olduğu vurğulanıb və ölkənin milli xəzinəsinə qanunsuz şəkildə “əl qoyulduğu” iddia edilib.

Nazirlik bildirir ki, Rusiyaya təhvil verilənlər təkcə qızıl ehtiyatları deyil, həm də maddi və mədəni dəyərə malik əşyaları əhatə edir və bunların yalnız bir hissəsi indiyədək geri qaytarılıb. Bu səbəbdən məsələ Rumıniya üçün xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında siyasi gündəmin əsas mövzularından biri olaraq qalır.

Açıqlamada qeyd olunur ki, qızılların Rusiyaya çatdırılması və təhvil alınması ilə bağlı o dövrdə imzalanmış protokollar mövcuddur və həmin sənədlərdə Rusiyanın bu sərvətləri Rumıniyaya geri qaytarmaq öhdəliyi təsbit edilib. Protokolun beynəlxalq saziş statusu daşıdığı və Rusiyanın buna etiraz etmədiyi vurğulanır.

Bundan əlavə, Rumıniya ilə Rusiya arasında yaradılmış Birgə Komissiyanın bu məsələni araşdırdığı, komissiyada tarix, arxiv işi, maliyyə, bankçılıq və incəsənət tarixi üzrə mütəxəssislərin yer aldığı bildirilir. 2003-cü ildə yaradılan komissiyanın fəaliyyəti Rusiyanın Ukraynaya hücumlarından sonra dayandırılıb və siyasi şərait imkan verərsə, işlərin bərpası tələb olunur.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki