image-3664474backend

Sənədsiz evlərə görə kim məsuliyyət daşıyır? – Hüquqşünas açıqladı

Son vaxtlar qanunsuz tikililərlə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə kommunal xidmətlərin göstərildiyi, lakin hüquqi statusu olmayan yaşayış evləri ilə bağlı yaranan ziddiyyətlər cəmiyyətdə suallar doğurur. Bu cür evlərin sökülməsi zamanı vətəndaşların hüquqlarının necə qorunacağı əsas müzakirə mövzularından biridir.

image-ramil_suleymanov_1775642889Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, bu hal qanunsuz tikili anlayışına daxildir. Onun sözlərinə görə, vətəndaşın torpaq sənədləri və tikinti üçün müvafiq icazə olmadan fərdi yaşayış evi tikməsi qanunsuz hesab olunur.

Hüquqşünas qeyd edib ki, əgər bu qanunsuzluq dövlət qurumları tərəfindən tanınırsa və həmin evlərdə kommunal xidmətlərin istifadəsi məhdudlaşdırılırsa, bu yanaşma hüquqi baxımdan ziddiyyət yaradır. Belə ki, Azərbaycanda dövlətə məxsus qurumlar – “Azərişıq”, “Azərqaz” və keçmiş “Azərsu”, hazırda Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən vətəndaşlarla kommunal xidmət müqavilələrinin bağlanması faktiki olaraq həmin tikililərin dövlət tərəfindən tanınması kimi qiymətləndirilə bilər.

O vurğulayıb ki, əgər bu tikililər tanınmırsa, ümumiyyətlə kommunal xidmətlər göstərilməməli və qanunsuz tikililərlə bağlı vaxtında söküntü qərarları icra olunmalı idi. Lakin hazırkı vəziyyətdə bu yanaşma müşahidə edilmir.

R.Süleymanov hesab edir ki, qanunsuz tikili olsa belə, bu evlər söküldüyü zaman vətəndaşlara mütləq kompensasiya ödənilməlidir. Alternativ olaraq, vətəndaşlar üçün çoxmərtəbəli yaşayış binaları tikilərək mənzillə təmin olunmalı və ya eyni ərazi üzrə qanunvericiliyin tələblərinə uyğun fərdi yaşayış evləri inşa edilərək köçürülmə həyata keçirilməlidir.

Hüquqşünas əlavə edib ki, vətəndaşların bu məsələdə hüquqları mövcuddur. Əgər fərdi yaşayış obyektlərinin sökülməsi dövlət tərəfindən həyata keçirilirsə, vətəndaşlar bununla bağlı müvafiq qərar və sərəncamları məhkəmədə mübahisələndirə bilərlər. Eyni zamanda, məhkəmə vasitəsilə müvəqqəti təminat tədbiri alınaraq söküntü işlərinin dayandırılması ilə bağlı qərar əldə etmək mümkündür.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki