Şimali Koreya güc nümayiş etdirdi: Yeni raket sistemi uğurla sınaqdan keçirildi

Şimali Koreya lideri Kim Çen In yeni texnologiya ilə təchiz olunmuş çoxnöqtəli raket sisteminin test atışını şəxsən izləyib. Bu barədə ölkənin rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Referans Media xəbər verir ki, keçirilən sınaq zamanı buraxılan dörd raket təxminən 358 kilometr məsafədə yerləşən hədəfləri dəqiqliklə vurub. Test atışları Şimali Koreyanın hərbi potensialının gücləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Təlimi müşahidə edən Kim Çen In bildirib ki, bu cür sınaqlar ölkənin strateji caydırıcılıq imkanlarının effektivliyini artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. O, sistemə inteqrasiya edilən yeni texnologiyalara toxunaraq, yaxın bir neçə il ərzində heç bir ölkənin bu səviyyədə texnoloji imkanlara malik ola bilməyəcəyinə əminliyini ifadə edib.

Şimali Koreya lideri vurğulayıb ki, ölkənin hərbi gücünün artırılması hakim Koreya Fəhlə Partiyasının dəyişməz siyasi xəttidir. Onun sözlərinə görə, qarşıdan gələn 9-cu Partiya Qurultayında nüvə müharibəsi caydırıcılığının daha da gücləndirilməsinə yönəlmiş növbəti mərhələnin planları açıqlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki