Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrinin yarısında hava hücumu həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb.
Referans Media xəbər verir ki, bu barədə "SOCAR Ukraine"in mətbuat xidmətindən məlumat verilib.
Məsələ ilə bağlı Baku TV-nin videomaterialında qeyd olunub ki, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Çerkassı şəhərlərində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Bunkerlərdən hava hücumu siqnalı zamanı istifadə edilə bilər.
Tikililər yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir.
Bundan başqa, SOCAR-ın Odessa və Lvovda yerləşən anbarlarında da belə sığınacaqlar inşa olunub.
"Yaxın zamanlarda isə SOCAR-ın ölkə üzrə bütün yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması başa çatdırılacaq", - deyə qurumun mətbuat xidmətindən bildirilib.
