Xalqın intensiv hərəkət etdiyi ərazilərdə keçiriləcək toplantı və mitinqlər üçün Daxili İşlər Nazirliyinə (DİN) əvvəlcədən xəbərdarlıq edilməsinin məcburi olması nəzərdə tutulur.
Referans Media Gürcü mətbuatına istinadən xəbər verir ki, bu qərar Gürcüstan parlamentinə “Gürcü Arzusu” fraksiyasının təqdim etdiyi qanun layihəsində təqdim olunub.
Yeni dəyişikliklərə əsasən, yolun bağlanması ilə eyni şəkildə piyadaların hərəkət hissəsinin süni şəkildə bağlanması da qadağan edilir, əgər bunu aksiyanın miqyası tələb etmirsə.
Bundan əlavə, yolun avtomobillərlə, müxtəlif konstruksiyalarla və ya əşyalarla bağlanması da qanunsuz olacaq.
Qanun layihəsi “Yığıncaqlar və Manifestasiyalar haqqında” qanunda və “İnzibati Xətalar Məcəlləsində” bir sıra dəyişiklikləri ehtiva edir.
Layihəyə əsasən:
Əgər toplantı və ya mitinq nəqliyyatın və insanların hərəkət etdiyi ərazidə keçirilirsə və ya onların hərəkətini əngəlləyirsə, DİN-ə ən azı 5 gün əvvəl yazılı xəbərdarlıq təqdim olunmalıdır.
Nazirlik qeyri-spontan aksiyalarla bağlı – əgər qərar verilərsə – alternativ vaxt, yer və ya marşrutla bağlı məlumatı ictimaiyyətə açıqlamalıdır.
Aksiya iştirakçılarının yolun qismən və ya tam bağlanmasına səbəb olduğu hallarda, DİN nəqliyyat və piyada hərəkətinin bərpası barədə qərar qəbul etmək səlahiyyəti əldə edir, əgər tədbirin keçirilməsi başqa şəkildə də mümkündürsə.
Qanunda qeyd olunur ki, yolun kütləvi şəkildə bağlanması zamanı DİN əməkdaşı aksiya təşkilatçılarına və iştirakçılara xəbərdarlıq edə bilər. Bildirişə görə, əgər kütləvi şəkildə bağlanmış yol 15 dəqiqə ərzində açılmazsa, aksiyanın qanunsuz elan ediləcəyi, onun dayandırılması və beynəlxalq hüquqla müəyyən edilmiş tədbirlərin tətbiq oluna biləcəyi vurğulanır.
Qanun layihəsi parlamentdə təcili prosedurla müzakirə olunur.






















