Sürücülərə PİS XƏBƏR: Gizli dronlar işə DÜŞÜR - Qayda pozuntuları səmadan təsbit olunacaq

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və qayda pozuntularına qarşı mübarizə istiqamətində müasir texniki vasitələrin tətbiqi genişlənməkdədir. Xüsusilə nəzarət kameraları, radarlar və yeni nəsil texnologiyalar yollarda intizamın yaradılmasında mühüm rol oynayır. Bununla belə, bəzi sürücülər arasında radarların quraşdırılma yeri, çəkiliş bucağı və xəbərdarlıq nişanları ilə bağlı müxtəlif fikir ayrılıqları və müzakirələr yaranır.

​Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı "Referans Media"ya açıqlamasında yollardakı radar nəzarəti, sürücü məsuliyyəti və beynəlxalq təcrübədə tətbiq edilən texnoloji yeniliklər barədə diqqətçəkən məqamlara toxunub.

Ekspert bildirib ki, radar cihazlarının konkret harada yerləşdirilməsi və ya hansı istiqaməti çəkməsi sürücülər üçün əsas müzakirə mövzusu olmamalıdır:
​"Deməli, bu radarın harada quraşdırılması, necə quraşdırılması sürücü üçün heç bir əhəmiyyət kəsb etməməlidir. Sürücünün işi odur ki, yaşayış məntəqələrində və yaxud da yaşayış məntəqələrindən kənarda icazə verilən maksimal sürət rejiminə əməl etsin. Bu, onun hüquq və vəzifələrindən biridir, bu, qanunun tələbləridir və buna əməl etməlidir."

​Elməddin Muradlı vurğulayıb ki, texniki vasitələrin çəkiliş istiqaməti üzərində dayanmaq əvəzinə, ümumi təhlükəsizlik qaydalarına köklənmək lazımdır. Beynəlxalq təcrübəyə nəzər salan ekspert inkişaf etmiş ölkələrdə artıq daha müasir və gözlənilməz nəzarət üsullarından geniş istifadə olunduğunu qeyd edib:
​"İndi radar üzü o tərəfə çəkir, ya üzü bu tərəfə çəkir — bunun nə əhəmiyyəti var? Bir çox ölkələrdə artıq sürət rejiminə, ötmə-manevr qaydalarının pozulmasına, qarşı yola çıxma kimi təhlükəli qayda pozuntularına qarşı mübarizədə hətta dronlardan istifadə olunur. Sürücü dronu görmür, bir də onda xəbər tutur ki, qarşısını kəsdilər, tutdular, apardılar ki, sən filan qaydanı pozmusan, təhlükə yaratmısan. İndi Azərbaycanda da bu cür texnoloji yeniliklərin tətbiq olunması normal haldır."

​Radarların yerinin sürücülərə açıq-aşkar və qabardılmış şəkildə nümayiş etdirilməsinin nəzarətin effektini azaltdığını bildirən ekspert, mövcud xəbərdarlıq nişanlarının tam kifayət etdiyini diqqətə çatdırıb:
​"Əsas odur ki, ərazidə sürət həddini bildirən nişan var, radar işarəsi var. Sürücü üçün bu gün radarın harada olmasını hətta ox işarəsi ilə göstərmək, böyük bir plakat yazıb qoymaq artıq radarın əhəmiyyətini öldürmək deməkdir. Onsuz da bizim sürücü kütləsi belədir: radara, kameraya çatanda sürət rejiminə əməl edir, qaydalara əməl edir, təhlükəsizlik kəmərini taxır, kameranı, radarı keçəndən sonra yenə öz bildiyini edir. Yəni yüzdə doxsan sürücü belədir."

​Açıklamasının sonunda E. Muradlı bu cür ciddi və texnoloji nəzarət mexanizmlərinin tətbiqini yüksək qiymətləndirərək, bunun yol qəzalarının qarşısının alınmasında mühüm addım olduğunu vurğulayıb:
​"Ona görə bu cür vasitələrlə qaydalara əməl edilməsinə nəzarət etmək tamamilə doğru yanaşmadır. Mən bunu müsbət qarşılayıram və ümid edirəm ki, hər hansı bir problem yaratmayacaq."

​Ekspertin fikirlərindən də göründüyü kimi, yollarda əsas məqsəd sürücüləri cərimələmək deyil, onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir. Sürücülərin yalnız radarların və kameraların təsir zonasında deyil, bütün yol boyunca qaydalara ciddi riayət etməsi yol mədəniyyətinin formalaşması və bədbəxt hadisələrin minimuma endirilməsi üçün əsas şərtdir. Müasir texnologiyaların tətbiqi isə bu intizamın davamlılığını təmin etməyə xidmət edir.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki