backend

Taksi sürücülərinin DİQQƏTİNƏ! – 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək…

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yaydığı məlumata görə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib. Bununla bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq.

Hazırda paytaxtda 40 minə yaxın taksi fəaliyyət göstərir. Bu qayda qüvvəyə mindikdən sonra təxminən 15 min avtomobil taksi olaraq işləyə bilməyəcək. Bu təklifi verənlər, yerinə yetirənlər görəsən bu qərarın yaradacağı çətinliyi təsəvvür edirlər?

Hər hansı qərarı verəndə ilk növbədə insan amilini nəzərə almaq lazımdır. 15 min taksinin birdən-birə ixtisarı əsl insan faciəsidir. Bir tərəfdən məşğulluqdan danışılır, o biri tərəfdən insanları işsiz qoyurlar. Özü də bayram ərəfəsində, Yeni İlin astanasında. Bu o deməkdir ki, 15 min insan qazancından məhrum olub işsizlər cərgəsinə düşəcək. 15 min sürücü isə tək özü üçün işləmir. Çoxunun ailəsi, himayəsində doğmaları var. Onları da nəzərə alsaq, çörəyindən kəsilən insanların sayını təsəvvür edin.

Bunu biz dərk edirik, görəsən AYNA rəhbəri cənab Anar Rzayev də dərk edə bilirmi?

Anar Rzayevin yerüstü sərgüzəştlərindən dəfələrlə yazmışam. Onun üçün sərnişin, sürücü razılığı, rifahı əhəmiyyətsizdir. Sərnişindaşımaya da yükdaşıma kimi baxır. Düşündüyü yalnız puldur. Qohumlarını, tanışlarını ətrafına düzüb, kefi istədiyi kimi işləyir. Guya avtobus nəqliyyatını qaydaya sala bilib, indi də taksi fəaliyyətinə toxunur. Hər dəfə gedişhaqqı artırılanda bunu xidmət keyfiyyətinin artırılması ilə əlaqələndirirlər. Heç vaxt da keyfiyyət düzəlmir. İndi də taksilərə kvota tətbiq etməklə nə keyfiyyət düzələcək, nə də rifah. Əksinə, işsizlərin və narazı vətəndaşların sayı çoxalacaq. Taksi qiymətləri də artacaq.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki