image-irandan-ateskes-resti-abd-secsin-ya-ateskes-ya_2fc4439204_ampbackend

Tehrandan sərt mesaj: ABŞ qərar verməlidir – sülh, yoxsa savaş

ABŞ və İran arasında əldə edilən kövrək atəşkəs İsrailin Livana hücumları səbəbindən yenidən təhlükə altına düşüb. İran rəsmiləri Vaşinqtona sərt mesaj göndərərək bildiriblər ki, ABŞ ya atəşkəsin qorunmasını təmin etməli, ya da müharibənin davam etməsinə görə məsuliyyət daşımalıdır.

Referans Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İsrailin Livana hücumları ABŞ və İran arasında əldə edilən müvəqqəti razılaşmanın açıq şəkildə pozulması deməkdir. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə seçim etməlidir.

Nazir açıqlamasında vurğulayıb: “ABŞ seçim etmək məcburiyyətindədir. Ya atəşkəsi seçəcək, ya da İsrail vasitəsilə davam edən müharibəni. Hər ikisini eyni anda seçmək mümkün deyil. Top artıq ABŞ tərəfindədir və dünya Vaşinqtonun sözünün arxasında durub-durmayacağını görəcək.”

İsrail Livanı vurmağa davam edir

İranla razılaşdırılmış atəşkəsə baxmayaraq, İsrail hərbi aviasiyası Livanın paytaxtı Beyrut və ölkənin müxtəlif bölgələrinə genişmiqyaslı hava zərbələri endirib. Məlumatlara görə, hücumlar zamanı paytaxt və ətraf ərazilər də daxil olmaqla yüzə yaxın hava zərbəsi həyata keçirilib.

Livanın mülki müdafiə xidmətinin açıqladığı məlumata əsasən, hücumlar nəticəsində azı 254 nəfər həyatını itirib, minlərlə insan isə yaralanıb. Bu hadisə ölkədə böyük humanitar böhran yaradıb.

İran atəşkəsdən çıxa bilər

İran mediasında yayılan məlumatlara görə, İsrailin Livana hücumları davam edəcəyi halda Tehran rəhbərliyi atəşkəs razılaşmasından geri çəkilə bilər. İran rəsmiləri bildiriblər ki, razılaşma bütün cəbhələrdə hücumların dayandırılmasını nəzərdə tutur.

İran prezidenti Məsud Pezeşkian isə bildirib ki, Tehran atəşkəs təşəbbüsünü məsuliyyətli və güclü mövqedən qəbul edib və Livanda atəşkəs bu razılaşmanın əsas hissələrindən biridir.

ABŞ: Atəşkəs Livanı əhatə etmir

ABŞ prezidenti Donald Tramp isə fərqli mövqe nümayiş etdirərək İranla əldə edilən atəşkəs razılaşmasının Livanı əhatə etmədiyini açıqlayıb. Onun sözlərinə görə, Livandakı əməliyyatlar əsasən Hizbullah hədəflərinə qarşı həyata keçirilir və bu, ayrıca münaqişə hesab olunur.

Livanda milli matəm elan edildi

İsrailin hücumlarından sonra Livanda vəziyyət son dərəcə gərgin olaraq qalır. Ölkənin baş naziri Nəvaf Salam baş verənləri “milli faciə” adlandıraraq ölkədə milli matəm elan edib. Dövlət qurumları və bir çox müəssisələr fəaliyyətini dayandırıb, bayraqlar yarıya endirilib.

Hazırda regionda gərginlik yüksək olaraq qalır və tərəflərin mövqeyi dəyişmədiyi təqdirdə atəşkəsin uzun müddət davam edib-etməyəcəyi sual altındadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki