“Hazırkı mərhələdə can Azərbaycanımızın həm bölgə, həm də ondan kənarda əldə etdiyi tərəqqidən böyük qürur duyuruq. Aramızdakı nadir münasibətlər konkret və strateji layihələrlə hər keçən gün daha da möhkəmlənir”.
Referans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr Zəfər Günü münasibəti ilə Bakıda keçirilən hərbi paradda çıxışında deyib.
“Xatırlayarsınız, əsrin layihəsi olan Azəri-Çıraq-Günəşli başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, Şahdəniz və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin fəaliyyətə başlaması ilə daha da möhkəmləndirdik.
İndi bu əməkdaşlığı daha da irəli aparmaq və onun əhatəsini genişləndirmək üçün səylər göstəririk. Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji ötürmə imkanlarını artırmasını arzu edirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına olacaq şəkildə investisiyalarla inkişaf etdirməliyik. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə çox daha irəli addımlar atacağımıza inanırıq, – o bildirib.























