Məişət texnikası alarkən istehlakçılar tez-tez məhsulun qiyməti, brendi və dizaynına diqqət yetirirlər, lakin bir sıra vacib məqamlar və gizli risklər çox vaxt nəzərə alınmır. Aşağı keyfiyyətli texnika elektrik təhlükəsizliyi, yanğın riski və zəhərləyici materiallardan istifadəyə görə ciddi təhlükələr yarada bilər. Eyni zamanda, məhsulun enerji səmərəliliyi, sertifikatları və zəmanət müddəti kimi parametrlərin yoxlanılması həm uzunmüddətli xərclərin azalmasına, həm də sağlamlıq üçün risklərin minimallaşdırılmasına kömək edir.
Referans Media bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti İlkin Şirinov bildirib ki, məişət texnikaları alarkən qida təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilməlidir.
“Bu baxımdan ən vacib məqamlardan biri həmin texnikanın hansı materiallardan hazırlanmasıdır. Təəssüf ki, bəzən bu amilə lazımi qədər diqqət yetirilmir. Halbuki mətbəxdə istifadə olunan cihazlarla qidalar hazırlanarkən və ya üyüdülərkən onların hazırlandığı materialın keyfiyyəti böyük əhəmiyyət daşıyır. Keyfiyyətsiz materiallardan hazırlanan texnikalarda müxtəlif hissələrin qırılıb qidanın içinə düşməsi kimi hallar baş verə bilər ki, bu da fiziki çirklənməyə səbəb olaraq insan sağlamlığı üçün ciddi risklər yaradır. Mətbəxdə qida ilə birbaşa təmasda olan məişət avadanlıqları arasında elektrik çaydanları, blenderlər və tost aparatları xüsusilə qeyd oluna bilər. Bu cihazların plastik və metal hissələri qida üçün təhlükəsiz materiallardan hazırlanmalıdır. Təcrübədə tez-tez rast gəlinir ki, məsələn, blenderdə müxtəlif məhsullar üyüdülərkən keyfiyyətsiz plastmas hissələr qırılır, bəzən isə hətta metal kəsici hissələr zədələnir. Bu hissələr qidaya qarışdıqda isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər”.
Ekspert bildirib ki, qida təhlükəsizliyi baxımından soyuducu və dondurucuların keyfiyyəti də böyük əhəmiyyət daşıyır:
“Temperaturun stabil saxlanmaması bakteriyaların çoxalmasına şərait yarada bilər ki, bu da nəticədə qida zəhərlənməsinə səbəb olur. Xüsusilə ət və süd məhsulları, eləcə də hazır yeməklərin saxlanmasında temperatur rejiminə ciddi riayət olunmalıdır. Bu baxımdan soyuducuların keyfiyyəti və istifadə olunan materiallar mühüm rol oynayır. Ümumilikdə, məişət texnikası alarkən qida ilə təmas üçün uyğunluğunu təsdiqləyən sertifikatların olması, istehsalçı haqqında məlumatlar və məhsulun keyfiyyət standartlarına uyğunluğu mütləq yoxlanmalıdır. Hər hansı firmanın məhsulunu düşünmədən alıb qida hazırlanmasında istifadə etmək doğru yanaşma deyil. Daha məqsədəuyğun olan, bazarda öz keyfiyyəti ilə tanınmış və istehlakçıların etimadını qazanmış brendlərin məhsullarına üstünlük verməkdir”
Onun sözlərinə görə, bəzən bazarda ucuz məişət texnikaları təklif oluna bilər, lakin bu cür məhsullar hər zaman təhlükəsiz və etibarlı olmur.
“Nəzərə almaq lazımdır ki, bu texnikalar qida ilə birbaşa təmasda olur və keyfiyyətsiz materiallar kimyəvi çirklənməyə də səbəb ola bilər. Texnikanın tərkibində olan bəzi maddələrin qidaya keçməsi isə xoşagəlməz nəticələr doğura bilər. Bu səbəbdən bir daha vurğulamaq lazımdır ki, aşağı keyfiyyətli mətbəx texnikası yalnız texniki problemlər yaratmır. Bu, həm də qidanın təhlükəsizliyinə mənfi təsir göstərir və nəticədə insan sağlamlığı üçün ciddi risklər yarada bilər”.






















