Universitetlərdə 4 il oxumağa son – Azərbaycanda YENİ MODEL

Azərbaycanda zaman-zaman bakalavr təhsilinin müddətinin azaldılması məsələsi müzakirə olunur. Ötən gün isə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə açıqlamasında üçillik bakalavr proqramları tətbiq edən ölkələrdən danışıb və dünyada baş verən trendlər nəzərə alınaraq Azərbaycanda da ali təhsil sahəsində mövcud yanaşmalara yenidən baxılmasının nəzərdən keçirilməli olduğunu bildirib.

Referans Media bildirir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev qeyd etdi ki, biz beynəlxalq təcrübədə də bunu müşahidə edirik:

"Bəzi ixtisaslar üzrə üçillik təhsil sisteminə keçid, əlbəttə ki, çox əlverişlidir. Əgər hər hansı kurs bəzi ixtisas və sahələr, peşələr üzrə müəyyən bilik və bacarıqları bir il ərzində öyrətmək imkanına malikdirsə, əlbəttə ki, universitetlər də bunu üç ilə rahat şəkildə həyata keçirə bilər. Amma bu da reallıqdır ki, bütün ixtisasların üç ilə endirilməsi doğru bir yanaşma deyil. Məsələn, sosial ixtisaslar, turizm sahəsi, pedaqoji ixtisaslar, bununla yanaşı, mühasibatlıq, iqtisadiyyat və mühasibat uçotu, eləcə də kənd təsərrüfatı ixtisasları var ki, bu ixtisasların, əlbəttə, həmçinin kompüter yönümlü bəzi ixtisasların üç ilə endirilməsi mümkündür".

Onun sözlərinə görə, elə ixtisaslar var ki, onların üç ilə endirilməsinə qətiyyən yol verilməməlidir:

"Misal üçün, hüquq və beynəlxalq münasibətlər kimi ixtisasların, əlbəttə ki, üç ilə endirilməsi tövsiyə olunan deyil. Bununla yanaşı, tibbi ixtisasların azaldılması o qədər də arzulanan deyil. Çünki xüsusilə ağır mühəndislik ixtisaslarının — inşaat mühəndisliyi, maşın mühəndisliyi, geologiya mühəndisliyi kimi ixtisasların — üç ilə endirilməsi, əlbəttə ki, arzulanan və tövsiyə olunan deyil. Amma digər, adlarını öncə qeyd etdiyim ixtisasların üç ilə endirilməsi məqsədəuyğundur. Dünya təcrübəsində bunun hər hansı bir mənfi təsiri olmadığı kimi, müsbət tərəfləri də var. Çünki gənclərin əmək bazarına bir il daha tez daxil olması mümkün olacaq. Bununla yanaşı, əgər ödənişli təhsil alırlarsa, dörd ilin deyil, üç ilin təhsil haqqını ödəmiş olacaqlar. Bu da, əlbəttə ki, müəyyən qədər həmin ixtisaslarda kadr çoxluğuna gətirib çıxara bilər.

Əlbəttə, bu müzakirələrin əsas sualı təhsil müddətinin üç il, yoxsa dörd il olmasıdır. Biz bu ixtisasın təhsil müddətini üç ilə endirdiyimiz təqdirdə üç il ərzində bunu tədris edə biləcəyikmi? Dörd il ərzində tədris etdiyimiz zaman bunu hansı səviyyədə həyata keçirə bilmişik və üç ilə endirdiyimiz təqdirdə hansı səviyyədə tədris edə biləcəyik? Yenə də ən vacib olan amil budur: tədris müddəti deyil, təhsilin keyfiyyəti vacibdir. Mən düşünürəm ki, müddəti azaltsaq, keyfiyyətin artırılmasına xüsusi diqqət yetirməliyik. Çünki əsas amil burada ölkə üçün kifayət qədər zəruri kadrların hazırlanması və kadr hazırlığı istiqamətində müvafiq addımların düzgün bir şəkildə atılmasıdır".

Bakı şəhəri Suraxanı rayonundakı V. Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini, məktəb idarəetməsi sahəsində üç kitabın müəllifi, təlimçi, “Azərbaycan Təhsili” maarifləndirici sosial platformasının rəhbəri, təhsil eksperti Aqşin Kazımov isə qeyd etdi ki, dünyada təhsil sistemi sürətlə dəyişir:

"Texnologiyanın inkişafı, süni intellektin əmək bazarına təsiri, yeni peşələrin yaranması və mövcud ixtisasların məzmununun dəyişməsi ali təhsilə də yeni tələblər diktə edir. Artıq universitet təhsilinin yalnız neçə il davam etməsi deyil, həmin müddət ərzində tələbəyə hansı bilik və bacarıqların qazandırılması daha çox müzakirə olunur. Bu baxımdan Azərbaycanda bakalavr təhsilinin müddətinin yenidən nəzərdən keçirilməsi ilə bağlı səsləndirilən fikirlər də təsadüfi deyil.

Deputat Fariz İsmayılzadənin açıqlamasında dünyanın müxtəlif ölkələrində üçillik bakalavr proqramlarının tətbiq olunduğuna diqqət çəkilməsi və qlobal trendlər nəzərə alınmaqla Azərbaycanda ali təhsil sahəsində mövcud yanaşmalara yenidən baxılmasının mümkünlüyünün vurğulanması mühüm bir müzakirəyə yol açır. Söhbət sadəcə bir ilin təhsil müddətindən çıxarılmasından getmir. Əslində burada Azərbaycanın ali təhsil modelinin nə dərəcədə çevik, müasir və əmək bazarının tələblərinə uyğun olduğu məsələsi gündəmə gəlir".

Müsahibimiz vurğuladı ki, üçillik bakalavr proqramı dünyada tamamilə yeni yanaşma deyil:

"Avropanın bir sıra ölkələrində bakalavr pilləsinin üç il davam etməsi geniş yayılmış modeldir. Lakin burada vacib bir məqam var: həmin ölkələrdə üçillik bakalavr dördillik proqramın sadəcə bir ilinin ixtisarı kimi qəbul edilmir. Təhsil proqramları əvvəlcədən üçillik modelə uyğun hazırlanır, tələbənin əldə etməli olduğu nəticələr müəyyənləşdirilir və tədris prosesi daha intensiv və səmərəli şəkildə təşkil olunur. Məhz bu məqam Azərbaycanda belə bir modelin müzakirəsində əsas prinsip olmalıdır. Əgər üçillik bakalavr yalnız dörd il ərzində keçilən proqramın üç ilə sıxışdırılması kimi başa düşülərsə, bunun təhsilin keyfiyyətinə mənfi təsir göstərmək ehtimalı var. Çünki ali təhsildə bir il sadəcə təqvimdəki 12 aydan ibarət deyil. Bu müddət ərzində tələbə fundamental biliklər əldə edir, praktiki hazırlıq keçir, layihələrdə iştirak edir, istehsalat təcrübəsi qazanır, tədqiqat aparır və peşə fəaliyyətinə hazırlaşır. Ona görə də əsas sual “bir ili necə ixtisar edək?” deyil, “üç il ərzində daha keyfiyyətli nəticəni necə əldə edək?” olmalıdır. Müasir dövrdə universitet məzunundan yalnız nəzəri bilik tələb olunmur. İşəgötürən üçün diplomun üzərində yazılan ixtisasla yanaşı, həmin şəxsin real bacarıqları da mühüm əhəmiyyət daşıyır. Məzun informasiya ilə işləməyi, rəqəmsal texnologiyalardan istifadəni, komanda ilə çalışmağı, problemləri həll etməyi, analitik düşünməyi və öz biliklərini daim yeniləməyi bacarmalıdır. Bu baxımdan ali təhsilin müddətindən daha çox onun məzmunu və nəticəsi ön plana çıxır".

Aqşin Kazımovun fikrincə, üçillik bakalavr modelinin Azərbaycan üçün müəyyən üstünlükləri də ola bilər:

"Tələbə ali təhsilini bir il daha tez başa vuraraq əmək bazarına daxil ola bilər. Bu, xüsusilə texnologiya və digər sürətlə dəyişən sahələrdə əhəmiyyətli üstünlük yarada bilər. Gənc daha erkən yaşda əmək fəaliyyətinə başlamaqla yanaşı, magistratura təhsili və əlavə ixtisaslaşma üçün də vaxt qazana bilər. Ailə üçün isə təhsil, yaşayış və digər xərclərin bir il azalması müəyyən iqtisadi üstünlük yarada bilər. Lakin bütün bunlar yalnız bir şərtlə müsbət nəticə verə bilər: təhsil müddətinin qısalması təhsilin keyfiyyətinin azalmasına gətirib çıxarmamalıdır. Burada daha bir mühüm məsələ ortaya çıxır. Bütün ixtisaslara eyni yanaşmaq olarmı? Əlbəttə, yox. Ali təhsildə hər ixtisasın öz xüsusiyyəti var. Bəzi istiqamətlərdə üç il ərzində tələbənin zəruri kompetensiyaları qazanması daha real görünə bilər. Bəzi ixtisaslarda isə daha geniş fundamental və praktiki hazırlıq tələb olunur. Xüsusilə tibb, müəyyən mühəndislik istiqamətləri, memarlıq, müəllim hazırlığı və digər xüsusi sahələrdə təhsil müddətinin ixtisasın mahiyyətinə uyğun müəyyənləşdirilməsi vacibdir. Deməli, Azərbaycanda üçillik bakalavr modeli tətbiq ediləcəksə, bunu bütün ixtisaslar üçün məcburi və vahid qayda kimi deyil, daha çox çevik bir model kimi nəzərdən keçirmək məqsədəuyğun ola bilər.

Məsələn, ilkin mərhələdə əmək bazarının tələbləri, beynəlxalq təcrübə və təhsil proqramlarının strukturu nəzərə alınmaqla müəyyən ixtisaslar seçilə və həmin istiqamətlərdə üçillik bakalavr proqramları pilot şəkildə tətbiq oluna bilər. Bir neçə ildən sonra həmin proqramların nəticələri ciddi şəkildə qiymətləndirilə bilər. Məzunların işlə təmin olunması, onların peşə bacarıqları, magistratura təhsilinə hazırlığı, işəgötürənlərin münasibəti və tələbələrin akademik nəticələri bu qiymətləndirmənin əsas göstəricilərindən ola bilər. Əgər nəticələr göstərsə ki, üçillik proqram tələbəyə daha az vaxt ərzində eyni və ya daha yüksək səviyyədə bilik və bacarıqlar qazandırır, onda bu modelin digər ixtisaslara genişləndirilməsi mümkündür. Əslində, bu məsələyə yalnız tələbənin və ya universitetin prizmasından baxmaq da düzgün olmaz. Burada əmək bazarının maraqları da nəzərə alınmalıdır. Azərbaycanda ali təhsilin əsas məqsədlərindən biri əmək bazarının ehtiyaclarına uyğun, rəqabətqabiliyyətli və müasir biliklərə malik mütəxəssislər hazırlamaqdır. Əgər hansısa ixtisas üzrə əmək bazarı daha çevik və qısa müddətli hazırlıq tələb edirsə, ali təhsil sistemi də buna uyğunlaşmağı bacarmalıdır. Lakin bir təhlükəni də nəzərdən qaçırmaq olmaz. Təhsil müddətinin qısaldılması bəzən yanlış olaraq təhsilin sadələşdirilməsi kimi başa düşülə bilər. Halbuki üçillik bakalavr daha asan deyil, əksinə, daha yaxşı planlaşdırılmış və daha səmərəli təşkil edilmiş təhsil modeli olmalıdır".

Həmsöhbətimiz vurğuladı ki, tələbə üç il ərzində daha çox öyrənməli, daha çox praktika keçməli və daha çox müstəqil fəaliyyət göstərməlidir:

"Universitetlər isə tədris proqramlarında təkrarları azaltmalı, nəzəri biliklərlə praktiki hazırlıq arasında balans yaratmalı və tələbənin real peşə mühitinə daha erkən inteqrasiyasını təmin etməlidirlər. Bu baxımdan üçillik bakalavr modeli universitetlər üçün də ciddi bir sınaq ola bilər. Çünki təhsil müddəti azaldıqca universitetdən daha yüksək təşkilati və akademik səmərəlilik tələb olunur. Tədris proqramlarının keyfiyyəti, professor-müəllim heyətinin hazırlığı, laboratoriya və praktiki imkanlar, rəqəmsal resurslar və keyfiyyət təminatı mexanizmləri xüsusi əhəmiyyət qazanır. Məsələnin digər tərəfi isə tələbələrin gələcək karyerasıdır. Bu gün gənc yalnız bakalavr diplomu ilə kifayətlənməyə bilər. O, magistratura, ikinci ixtisas, peşəkar sertifikatlar, xarici dil və digər əlavə kompetensiyalar qazanmağa ehtiyac duyur. Əgər üçillik bakalavr ona əmək bazarına daha tez çıxmaqla yanaşı, əlavə təhsil və ixtisaslaşma üçün də vaxt qazandıracaqsa, bu model daha cəlbedici görünə bilər. Burada bir həqiqəti xüsusilə vurğulamaq lazımdır: dörd il oxumaq avtomatik olaraq daha yaxşı mütəxəssis olmaq demək deyil. Eyni zamanda üç il oxumaq da avtomatik olaraq keyfiyyətli mütəxəssis hazırlamaq anlamına gəlmir. Əsas məsələ təhsil müddətində hansı nəticənin əldə olunmasıdır. Azərbaycan ali təhsil sisteminin qarşısında duran əsas vəzifə də məhz bundan ibarət olmalıdır. Biz müddətə deyil, nəticəyə fokuslanmalıyıq. Əgər üç il ərzində tələbəyə beynəlxalq səviyyədə rəqabət aparmağa imkan verən bilik və bacarıqlar qazandırmaq mümkündürsə, üçillik model ciddi şəkildə araşdırılmalıdır. Əgər hansısa ixtisas üçün dörd il və ya daha çox müddət zəruridirsə, həmin müddətin qorunması da normal yanaşma olmalıdır.

Ona görə də bu məsələni “üç il yaxşıdır, dörd il pisdir” kimi təqdim etmək düzgün deyil. Söhbət ali təhsilin daha çevik, daha keyfiyyətli və əmək bazarına daha uyğun qurulmasından gedir. Bəlkə də Azərbaycanın ali təhsil sistemində gələcək dəyişikliklərin əsas fəlsəfəsi belə ifadə oluna bilər: az müddətdə çox şey öyrətmək yox, optimal müddətdə lazım olanı yüksək keyfiyyətlə öyrətmək. Üçillik bakalavr ideyası məhz bu fəlsəfə üzərində qurularsa, onun müzakirəsi faydalı nəticələr verə bilər. Bunun üçün isə qərar verməzdən əvvəl beynəlxalq təcrübə öyrənilməli, Azərbaycan universitetlərinin imkanları qiymətləndirilməli, ixtisaslar üzrə fərqli yanaşmalar müəyyənləşdirilməli və ən əsası, pilot tətbiqlər vasitəsilə real nəticələr əldə olunmalıdır. Ali təhsildə hər dəyişiklik kimi, üçillik bakalavr məsələsi də tələskənlik deyil, ciddi araşdırma tələb edir. Çünki söhbət yalnız bir ilin qənaətindən getmir. Söhbət Azərbaycanın gələcək mütəxəssislərinin necə hazırlanacağından gedir. Əgər bu islahat tələbənin vaxtına və ailənin büdcəsinə qənaət etməklə yanaşı, daha keyfiyyətli mütəxəssis hazırlığına, universitetlərin səmərəliliyinin artmasına və əmək bazarının tələblərinə daha sürətli cavab verilməsinə xidmət edəcəksə, üçillik bakalavr Azərbaycan ali təhsilində maraqlı və perspektivli istiqamətə çevrilə bilər. Əks halda isə yalnız təhsil müddətini azaltmaqla müasir ali təhsil sistemi qurmaq mümkün deyil. Çünki ali təhsilin gücü diplomun neçə ilə verilməsində deyil, həmin diplomu alan gəncin sabah cəmiyyətə və əmək bazarına hansı bilik, bacarıq və dəyərlə çıxmasındadır".

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki