Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp 8 sentyabr 2026-cı ildən etibarən köhnə Android versiyalarına dəstəyi dayandıracaq.
Referans Media xəbər verir ki, qərar əsasən Android 5.0 və 5.1 əməliyyat sistemi ilə işləyən köhnə model smartfon istifadəçilərinə təsir edəcək.
Məlumata görə, bu tarixdən sonra Android 6.0 versiyasından aşağı sistemlərdə WhatsApp tətbiqinə giriş mümkün olmayacaq. Şirkət bu addımın təhlükəsizlik və performans tələbləri ilə bağlı olduğunu açıqlayıb.
Rəsmi açıqlamada bildirilib ki, tətbiqin yeni nəsil təhlükəsizlik protokollarına uyğun işləməsi və sabit performansın təmin olunması üçün köhnə proqram təminatları artıq yetərli deyil. Müasir funksiyalar və inkişaf etmiş şifrələmə sistemləri əvvəlki əməliyyat sistemlərində stabil şəkildə işləmədiyi üçün dəstəyin dayandırılması qaçılmaz hesab olunub.
Şirkət istifadəçilərə xidmət kəsintisi ilə üzləşməmək üçün cihazlarını yeniləməyi və ya daha yeni modelə keçməyi tövsiyə edir. Xüsusilə Android 5.0 və 5.1 istifadəçilərinin 8 sentyabr 2026-cı ilə qədər lazımi addımları atmaları vacibdir.
WhatsApp istifadəçilərə məlumat itkisi yaşamamaq üçün əvvəlcədən ehtiyat nüsxə (backup) yaratmağı tövsiyə edir.
Mesaj və media fayllarını qorumaq üçün Google Drive üzərindən yedəkləmə etmək və ya faylları yeni cihaza manual şəkildə köçürmək mümkündür.
Digər tərəfdən, iOS istifadəçiləri üçün dəyişiklik nəzərdə tutulmur. Apple cihazlarında iOS 15.1 və daha yeni versiyalarda WhatsApp işləməyə davam edəcək.























